Şrift:
Qida Təhlükəsizliyi İnstitutu “Təhlükəsiz qida” ssenari müsabiqəsi elan edib
24.01.2020 [12:12] - Xəbərlər
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu növbəti dəfə “Təhlükəsiz qida” ssenari müsabiqəsi elan edib. Müsabiqəyə qida təhlükəsizliyi mövzusunda çəkiləcək sosial videoçarx üçün ssenarilər təqdim oluna bilər. Qeyd edək ki, bundan əvvəl Qida Təhlükəsizliyi İnstitutu tərəfindən elan edilən müsabiqəyə təqdim olunan ssenarilər müsabiqə şərtlərinə və tələblərə uyğun olmadığı üçün növbəti mərhələyə vəsiqə qazana bilməyib. Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, layihənin həyata keçirilməsində məqsəd vətəndaşların qida təhlükəsizliyi ilə bağlı biliklərini artırmaq, onların diqqətini qida təhlükəsizliyi mövzusuna cəlb etmək, qida təhlükəsizliyinin vacibliyini gündəmə gətirmək və qida təhlükəsizliyi ilə əlaqədar problemlərin həllində vətəndaşların rolunu artırmaqdır. Müsabiqənin qaydalarına əsasən ssenarilər üç dəqiqədən çox olmayan videoçarx üçün nəzərdə tutulmalı və “word” formatında təqdim olunmalıdır. Təqdim edilən ssenarilər ancaq bu müsabiqə üçün hazırlanmalı və Azərbaycan dilində olmalıdır. Bir müəllif müsabiqəyə bir neçə ssenari təqdim edə bilər və müəlliflər üçün yaş həddi yoxdur. Plagiat olduğu müəyyən edilən ssenarilər müsabiqədən kənarlaşdırılacaq. Müsabiqənin münsiflər heyəti tərəfindən seçilən və ilk üç yeri tutan ssenarilərin müəllifləri pul və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Birinci yerə layiq görülən ssenari əsasında Qida Təhlükəsizliyi İnstitutu sosial videoçarx hazırlayacaq. Müsabiqədə iştirak etmək istəyənlər müəllifi olduğu ssenarini fevralın 5-dən 25-dək “Təhlükəsiz qida” başlığı ilə media@afsa.gov.az elektron poçt ünvanına göndərə bilərlər. Müəlliflər ssenari ilə birlikdə özləri haqda sərbəst mətndə məlumat da təqdim etməlidirlər. Məlumatda müəllifin adı, soyadı, atasının adı və əlaqə məlumatları göstərilməlidir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 62 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed