Şrift:
“Bakıya zəng edərdim” cavabından çıxan nəticə
24.01.2020 [15:41] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Ekspertlərin fikrincə, ölkə Prezidentinin Davosda verdiyi cavab, Azərbaycan dövlətinin həyata keçirdiyi strategiyanı əks etdirir

Bir neçə gün öncə Davos Dünya İqtisadi Forumu keçirilib və Azərbaycan Prezidenti İlham Əliyev bu forumda iştirak edib. Dövlət başçısı forum çərçivəsində keçirilən "Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında qatılıb və Azərbaycanın mövqeyini bir daha bəyan edib. O bildirib ki, Azərbaycan müstəqil, heç kimdən asılı olmayan, milli maraqların hər şeydən uca tutulduğu siyasət yürütdüyünü əyani şəkildə təsdiq edir: "Bizim qonşu ölkələrlə münasibətlərimiz dostluq, qarşılıqlı faydalı əməkdaşlıq, mehriban qonşuluq prinsiplərinə əsaslanır. Bununla yanaşı, Azərbaycan üçün onun milli maraqları birinci yerdədir və bütün məsələlərdən öndədir”.

Azərbaycan Prezidenti vurğulayıb ki, müstəqillik illərində əldə olunmuş bütün nailiyyətlər Azərbaycan xalqının müstəqillik amalına sadiq olmasına, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatlar həyata keçirilməsinə görə əldə olunmuşdur: "Bu baxımdan Azərbaycanın əldə etdiyi nailiyyətlər Davos Dünya İqtisadi Forumunun illik hesabatlarında yüksək qiymətləndirilmişdir”.

Panel iclasında moderatorun "Avrasiyada indi böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Azərbaycanın Prezidenti kimi Siz birinci növbədə kimə zəng edərsiniz – Moskvaya, yoxsa Pekinə?” sualına cavab olaraq, Prezident İlham Əliyevin "Bakıya” cavabı xüsusi diqqət çəkən məqamlardan biri oldu.


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bildirdi ki, Prezident "Bakıya zəng vuraram” deməklə, Azərbaycanın milli maraqlarına uyğun olaraq münasibətlərin saxlandığını diqqətə çatdırıb: "Azərbaycanın daimi dostları və daimi düşmənləri yoxdur. Burada Azərbaycanın milli maraqları öz əksini tapıb. Kimsə Azərbaycan maraqlarına xidmət edirsə, kimsə Azərbaycanın düşmənçilik mövqeyindən çıxış etmirsə, hər kəslə əməkdaşlığa hazırıq. "İrad tutmuruq, kimsə ilə qarşı-qarşıya gəlmirik, sadəcə olaraq balanslaşdırılmış və özündə Azərbaycanın maraqlarını ehtiva edən bir formatda hər kəslə bir yerdə olmağa hazırıq” deməkdir bu cavab. Əslində, o sadə cavabın çox ciddi şəkildə diplomatik mənası var. Hesab edirəm ki, bu çox normal və tutarlı, qarşı tərəfin də, moderatorun da, dövlətlərin də anlayışla qarşılayacağı bir cavabdır”.


Alpər İSMAYIL
Bu xəbər oxucular tərəfindən 426 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed