Şrift:
Hakimliyə namizədlərdən 44 nəfər tədris kurslarına buraxılıb
26.01.2020 [18:14] - Hüquq
Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tövsiyə və tapşırıqları üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə və obyektiv meyarlar əsasında seçimi davam edir.
Hakimlərin Seçki Komitəsindən bildiriblər ki, test üsulu ilə və yazılı imtahanlarda müvəffəqiyyət qazanmış 81 nəfər namizədlə Hakimlərin Seçki Komitəsi tərəfindən şifahi imtahanlar keçirilib. İmtahanlar zamanı namizədlərə hüququn müxtəlif sahələrinə dair 5 sual verilib və onların hər biri yarım saat ərzində bu sualları cavablandırıb. Namizədlərə bərabər şərait yaradılması və obyektivliyin təmin edilməsi məqsədilə imtahan sualları hər gün bilavasitə imtahandan əvvəl, imtahan keçirilən auditoriyada hazırlanıb və onlar tərəfindən sərbəst cavablandırılıb.
Suallar namizədlərin bilik səviyyəsinin, fikirlərini səlis ifadə etmək bacarığının, məntiqi nəticələr çıxarmaq qabiliyyətinin, ümumi dünya görüşünün müəyyən olunmasına imkan verib. İmtahanın nəticəsinə görə 60 və daha çox bal toplamış 44 nəfər tədris kurslarına buraxılıb. Həmin kurslarda namizədlərin hakimlik fəaliyyətinə hazırlanmaları təmin ediləcək, hakimin etik davranışı, korrupsiya ilə mübarizə, insan haqları, beynəlxalq normalar və digər aktual məsələlərə dair mövzular nüfuzlu yerli və beynəlxalq ekspertlərin iştirakı ilə tədris olunacaq, onlar məhkəmələrdə staj keçəcəklər. Həmçinin namizədlərin xarici dövlətlərdə qabaqcıl təcrübəni öyrənmələri nəzərdə tutulur. Şifahi imtahanda uğur qazanaraq tədris kurslarına buraxılmış hakimliyə namizədlərin siyahısı Məhkəmə-Hüquq Şurasının internet səhifəsində yerləşdirilib (ünvan: www.jlc.gov.az).

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 61 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed