Şrift:
Bakıda sahibkar qadınlar üçün təcrübə sessiyası təşkil edilib
28.01.2020 [11:42] - Sosial
Təhsil sahəsində ixtisaslaşan “Education HUB” təşkilatının “Öyrən. İnkişaf et. Tətbiq et” sosial sahibkarlıq proqramı çərçivəsində yanvarın “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzində təcrübə sessiyası təşkil olunub. İki gün davam edən təcrübə proqramı çərçivəsində Quba və Xaçmaz rayonlarından olan 16 gənc qadın sosial sahibkarlığa dair mövcud imkanlar və maliyyə resursları barədə məlumatlandırılıb. Tədbirdə qadınlar İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), eləcə də müxtəlif bankların nümayəndələri və sosial bizneslə məşğul olan sahibkarlarla görüşüblər. İqtisadiyyat Nazirliyinin sahibkarlığın inkişafı siyasəti və tənzimlənməsi şöbəsinin əməkdaşı Ulduz Babayeva nazirliyin qadın sahibkarların fəaliyyətinə yaratdığı dövlət dəstəyi, KOBİA-nın KOB inkişaf fondlarının təşkili və koordinasiyası departamentinin müdiri Kamran Babayev isə yeni yaradılacaq inkişaf fondları barədə məlumat veriblər. Şimal bölgəsindən olan xanımlar “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzində fəaliyyət göstərən startapların işi ilə də yaxından tanış olublar. Tədbirin sonuncu günündə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva Azərbaycanda qadın sahibkarların təşkilatlanması, mövcud imkanlar və fürsətlər, üzvlük qaydaları haqqında danışıb.
“Ailə Biznesinə Asan Dəstək” (ABAD) modeli barədə qurumun marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin müdiri Turanə Qasımova ətraflı məlumat verib. İnteraktiv formatda təşkil olunan təcrübə proqramında uzun illər sahibkarlıq fəaliyyəti ilə məşğul olan qonaqlar xanımların çoxsaylı suallarını cavablandırıb və həyat hekayələrini paylaşıblar. Qeyd edək ki, “Öyrən. İnkişaf et. Tətbiq et” sosial sahibkarlıq proqramı İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Niderlandın ölkəmizdəki səfirliyinin dəstəyi ilə həyata keçirilir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 87 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed