Şrift:
Əlil şəxslərin cəmiyyətə inteqrasiyası ilə bağlı maarifləndirici təlimlərə başlanılıb
28.01.2020 [11:46] - Sosial
Azərbaycanda əlilliyi olan şəxslərin ictimai həyatın müxtəlif sahələrinə inteqrasiyasını dəstəkləmək, əlilliyi olan şəxslərə qarşı cəmiyyətdə mövcud olan stereotiplərin məlumatlandırma sayəsində aradan qaldırılmasına töhfə vermək məqsədilə yerli icmalar üçün maarifləndirici təlimlərə başlanıb. Təlimlər BMT-nin Əhali Fondu, BMT-nin İnkişaf Proqramı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə həyata keçirdiyi “Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi çərçivəsində təşkil olunur. BMT-nin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, təlimlər Salyan və Masallı rayonlarında başlayıb, Bakı şəhərində də təşkil ediləcək və ümumilikdə ölkəmizin şəhər və rayonları üzrə 2 minədək əlilliyi olan şəxsi əhatə edəcək.
İştirakçılara (yerli icmaları təmsil edən əlilliyi olan şəxslər, digər icma üzvləri, yerli məşğulluq xidməti nümayəndələri və s.) əlilliklə bağlı beynəlxalq və yerli qanunvericilik, əlilliyin tibbi və sosial modeli, əlilliyi olan şəxslər üçün müstəqil həyat fəlsəfəsi, onların hüquqlarının müdafiəsi üçün mövcud mexanizmlər və digər aidiyyəti mövzular üzrə müfəssəl məlumatlar verilir. Təlimlər zamanı praktik məşğələlər, rol oyunları, uğur hekayələri və digər interaktiv metodikaların tətbiqi təlim materiallarının dərindən mənimsənilməsinə şərait yaradır. Təlimlər layihənin tərəfdaşları olan “Müstəqil Həyat Tərzi” Əlilliyi olan İnsanlara Dəstək İctimai Birliyinin, Sosial və Psixoloji Tədqiqatlar Mərkəzinin mütəxəssisləri tərəfindən aparılır. 2019-2021-ci illəri əhatə edən layihənin icrasından ümumilikdə 3000-dək benefisiarın (əlilliyi olan şəxsin) qazanc və ictimai yerlərə çıxış imkanlarının birbaşa və dolayı şəkildə dəstəklənməsi gözlənilir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 93 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed