Şrift:
Marneulidə ustad aşıq Bafəli Adıgözəlovun 60 illik yubileyi qeyd olunub
29.01.2020 [13:29] - Borçalı
Gürcüstanın Marneuli rayonunda ustad aşıq Bafəli Adıgözəlovun 60 illik yubileyi qeyd olunub. Çay Evində təşkil olunan mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan parlamentinin deputatları Ruslan Hacıyev və Mahir Dərziyev, aşıqlar və ziyalılar iştirak ediblər. Professor Mahmud Kamaloğlu tədbir iştirakçılarına Gürcüstanda aşıq sənətinin tarixindən və B.Adıgözəlovun yaradıcılığı barədə məlumat verib. Bildirilib ki, B.Adıgözəlov saz ifa etməklə yanaşı sazbəndlik sənətini də mənimsəyib. O, 1990-cı ildən Gürcüstanda sazbəndlikdə yegənə sənətkardır. Aşıq həmçinin Gürcüstanda mahir zurnaçı və meh ifaçısı kimi də tanınır.
Azərbaycan səfiri ustad aşığı 60 illiyi münasibətilə təbrik edərək ona uzun ömür arzulayıb. D.Həsənov B.Adıgözəlovun Gürcüstanda aşıq sənətinin qorunub saxlanılmasındakı xidmətlərinə görə təşəkkürünü bildirib: “Gürcüstanda aşıq sənətinin inkişafı və təbliğində Bafəli Adıgözəlovun çox böyük əməyi olub. Bu gün o, Gürcüstanda yaşayan aşıqların ən gözəl nümayəndələrindən biridir”.
R.Hacıyev çıxışında saz alətinin Gürcüstan azərbaycanlıları arasında çox müqəddəs olduğunu deyib: “Saz bizim keçmişimiz, bu günümüz və gələcəyimizdir. Sazı itirsək, biz öz gələcəyimizi itirmiş olarıq”.
Yubiley tədbirində Gürcüstanın azərbaycanlılar yaşayan müxtəlif bölgələrini təmsi edən aşıqlar iştirak ediblər. Onlar Gürcüstanda aşıq və sazbəndlik sənətinin yaşadılması, inkişaf etdirilməsi, aşıqların qurultayının keçirilməsi və digər təkliflər irəli sürüblər. Mərasim aşıq ifaları ilə davam etdirilib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 465 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed