Şrift:
Parisdə “Caspian Research Center” assosiasiyasının təqdimatı olub
29.01.2020 [14:55] - Diaspor
Parisdə Azərbaycan səfirlinin Mədəniyyət Mərkəzində “Caspian Research Center” assosiasiyasının təqdimatı keçirilib. Assosiasiyanın təsisçiləri Azərbaycan mənşəli üç fransız gənc - Alban Klod, Adela Naibova və Mahir Hüseynovdur. Onların məqsədi assosiasiya vasitəsilə ölkəmizi Fransa ictimaiyyətinə, xüsusilə də fransız gənclərə daha yaxından tanıtmaqdır. Tədbirdə üç gəncin oxuduğu ali məktəblərin - Paris Sorbon Universitetinin və Siyasi Elmlər İnstitutunun tələbələri, eləcə də Parisdə təhsil alan azərbaycanlı tələbələr və diasporumuzun digər assosiasiyalarının rəhbərləri iştirak ediblər.
Adela Naibova tədbir iştirakçılarına assosiasiya yaratmaq təşəbbüsünün haradan qaynaqlanması, onun məqsədləri və gələcək fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, Fransada boya-başa çatsalar da, özlərini həmişə azərbaycanlı hiss ediblər. Məhz bu hisslər onlarda doğma vətənlərini fransız ictimaiyyətinə daha yaxından tanıtmaq istəyi yaradıb.
Alban Klod hazırladığı videomaterial vasitəsilə Azərbaycanın tarixi, coğrafi mövqeyi, ölkəmiz ərazisində olmuş qədim dövlətlər haqqında məlumat verib. O, ölkəmizin xəritəsini ekranda təqdim edərək, onun böyük ərazisi olduğunu, tarix boyunca digər qonşu dövlət və imperiyaların torpaqlarımıza zaman-zaman iddialı olduqlarını bildirib. Həmçinin Azərbaycanın neft sənayesi, zəngin torpağı və təbiəti haqqında danışıb. Paytaxt Bakının qədimilik və müasirliyin vəhdəti olduğunu diqqətə çatdırıb. Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra üzləşdiyi Dağlıq Qarabağ münaqişəsindən bəhs edərək, torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu bildirib. Sonda tədbir iştirakçıları “Caspian Research Center” assosiasiyanın gələcək fəaliyyəti ətrafında fikir mübadiləsi aparıblar.

DAVAM.AZ
“Avropa Bürosu”
Bu xəbər oxucular tərəfindən 767 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed