Şrift:
Azərbaycan Rusiyaya nota verib
19.09.2012 [13:58] - Siyasət
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin sentyabrın 18-də Xarici İşlər Nazirliyinə çağırılaraq, nazir müavini Xələf Xələfov tərəfindən qəbul edilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, X. Xələfov Rusiya səfirinə sentyabrın 14-də Moskva şəhər meriyasının icazəsi və “Rus-Erməni Birliyi”nin təşkilatçılığı ilə Moskva şəhərində Ramil Səfərovun əfv edilməsinə qarşı keçirilmiş aksiyada Rusiya Dövlət Şurası və Dövlət Dumasının üzvü Vladimir Jirinovskinin Azərbaycan xalqına qarşı terrora, cinayətə, milli ədavətə və düşmənçiliyə təhrik edən təxribatçı və məsuliyyətsiz çağırışı ilə bağlı qəti etiraz bildirib.

Nazir müavini sözügedən məsuliyyətsiz çağırışın iki ölkə arasında mövcud əməkdaşlıq və dostluq münasibətlərinə kölgə saldığını qeyd edib. Vurğulanıb ki, belə bəyanatlar Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlarda ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Rusiyanın vasitəçilik missiyasına zərbə vurur. X. Xələfov V.Jirinovskinin məsuliyyətsiz bəyanatına Rusiyanın hakimiyyət strukturları tərəfindən müvafiq qiymətin veriləcəyinə ümidvar olduğunu bildirib.

Görüşün sonunda Azərbaycan tərəfinin etiraz notası Rusiya səfirinə təqdim olunub.
Bu xəbər oxucular tərəfindən 1080 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed