Şrift:
“Könüllülük - vətənpərvərlik məktəbi, xalqa və dövlətə xidmət örnəyi” dəyirmi masa keçirilib
31.01.2020 [10:51] - Gənclik
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) 2 fevral - Gənclər Günü münasibətilə “Könüllülük - vətənpərvərlik məktəbi, xalqa və dövlətə xidmət örnəyi" mövzusunda dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov bildirib ki, müstəqilliyinin bərpasından cəmi 29 il keçməsinə baxmayaraq, Azərbaycan dövlət quruculuğunun bütün sahələrində nəzərəçarpan tərəqqiyə, davamlı və inklüziv inkişafa nail olub. Rektor deyib ki, Azərbaycan bütün dünya üçün prioritet olan davamlı inklüziv inkişaf səviyyəsinə görə planetin lider ölkələrini qabaqlayır. “Davos Dünya İqtisadi Forumunun hesabatına görə ölkəmiz inklüziv cəmiyyətin formalaşdırılması və bu prosesin davamlılığının təmin olunması sahəsində ön sıralardadır. Azərbaycan islahatçı ölkə kimi daim yeniliyə, müasirliyə can atır. Aparılan məqsədyönlü və ardıcıl siyasət, o cümlədən ölkə vətəndaşlarının rifahının yüksəldilməsi üçün görülən tədbirlər bunu deməyə əsas verir”, - deyə U.Ələkbərov bildirib. Rektor Azərbaycanda aparılan gənclər siyasətinə toxunub, dövlətin gənc nəslin inkişafına böyük diqqət göstərdiyini bildirib. Qeyd edib ki, gənclərimiz də həyatın müxtəlif sahələrində əzmlə çalışaraq, xalqa və dövlətə xidmət örnəyi nümayiş etdirirlər. Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin dekanı, siyasi elmlər doktoru, professor, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov çıxış edərək gənclərin potensialından səmərəli istifadə olunmasının vacibliyini vurğulayıb. Son illər ölkəmizdə geniş vüsət alan könüllülüyü sosial fəaliyyətin bir sahəsi adlandıran E.Əhmədov deyib: “Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi qazanca əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqamətidir. XX əsrin ikinci yarısından etibarən könüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək dünyada kütləvi sosial fəaliyyətə çevrilib. Azərbaycan könüllülük fəaliyyətinin təbliğində və inkişafında özünəməxsus rol oynayır. Ölkəmizin müstəqilliyin bərpasından sonra qazandığı uğurlarda şübhəsiz ki, könüllü gənclərin də rolu əvəzsizdir”.
Ölkəmizdə bu hərəkatın Ümummilli Liderin adı ilə bağlı olduğunu diqqətə çatdıran E.Əhmədov məhz 1993-cü ildən başlayaraq dövlət və özəl sektor, vətəndaş cəmiyyəti arasında əməkdaşlığın diqqət mərkəzində saxlanıldığını deyib. Özünün bir vaxtlar könüllü kimi fəaliyyət göstərdiyini diqqətə çatdıran siyasi elmlər doktoru dövlətin dəstəyi ilə gənclərimizin idarəetmədə, icra orqanlarında irəli çəkildiyini, onların potensialından səmərəli istifadə olunduğunu vurğulayıb. Bildirib ki, 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi gənclərə göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Azərbaycan Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsində layihələrin və tədbirlərin təşkili üzrə koordinator Vüsal Əhmədov, “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Hüseyn Abdullayev, Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi, könüllülərlə iş üzrə koordinator Elnur Kələntərov, Diasporla iş üzrə Dövlət Komitəsinin “Diaspor Könüllüləri” hərəkatının koordinatoru Bəxtiyar Rəhimov, DİA-nın könüllü tələbələri Nigar Eyvazzadə və Şücaət Əhmədzadə çıxış edərək könüllülük hərəkatından, gənclərin bu hərəkat vasitəsilə dövlətimizə və xalqımıza verdikləri töhfələrdən danışıblar.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 490 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed