Şrift:
Bütöv Azərbaycan məsələsinə hazır olmalıyıq
20.09.2012 [10:11] - Siyasət, Müsahibə
Politoloq (siyasətçi) Vəfa Quluzadə hesab edir ki, nə İranın üstümüzə qalxmasına imkan verməliyik, nə də sayıqlığı itirməliyik.

ABŞ-da (Amerika Birləşmiş Ştatları) konqresmen Dana Rohrabacherin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə təqdim etdiyi qətnamə layihəsi ətrafında müzakirələr gedir. Söhbət, güney azərbaycanlılarının öz müqəddəratını təyin etmək hüqüqunun tanınmasına dair sənəddən gedir.

Konqresmen özü “BBC Azərbaycanca”a açıqlamasında deyib ki, təqdim etdiyi qətnamə layihəsi məqsədə doğru birinci addımdır. “Bölünmüş Azərbaycan xalqının öz müqəddəratını təyin etmək, ölkəsini seçmək hüququndan” bəhs edən sənədin müəllifi vurğulayıb ki, onun əsas məqsədi bu ideyanı beynəlxalq müzakirəyə çıxarmaqdır.

Hazırda dünyada gedən geosiyasi dəyişikliklərin fonunda Güney Azərbaycan məsələsinin gündəmə gəlməsi təsadüfi deyil. Ekspertlərin (karşünas) fikrincə, ABŞ bu məsələni İranı daxildən parçalamaq məqsədilə ortaya atıb. Bu halda yaranmış situasiyada (vəziyyət) Azərbaycan hansı addımları atmalıdır? Cərəyan edən proseslər tarixi baxımdan Quzey və Güney Azərbaycanın birləşməsi üçün növbəti tarixi şans kimi dəyərləndirilə bilərmi?

Politoloq Vəfa Quluzadə o fikirdədir ki, ABŞ-ın gözlənilmədən Güney Azərbaycan məsələsini müzakirə mövzusuna çevirməsi İranı daxildən parçalamaq cəhdidir. Yəni, ABŞ İranda yaşayan soydaşlarımızın problemlərini qabartmaqla bu dövləti daxildən parçalamağa çalışır.

“Görünür ABŞ ilk növbədə İranı daxildən parçalayaraq, zəiflətmək istəyir. Daha sonra isə hərbi müdaxiləyə başlaya bilər. İstisna deyil ki, Amerika birinci addım kimi, hərbi müdaxilədən çəkinir. Ona görə də məhz bu yolla İranı zəiflədib sıradan çıxarmağa çalışır”, - deyə Vəfa Quluzadə bildirib.

Güney Azərbaycanla birləşmək ehtimalına gəlincə, politoloq deyir ki, bu cür proseslər kifayət qədər uzun çəkir. Bununla belə hesab edir ki, birləşmənin günü sabah baş verməsi ehtimalı az olsa da, bu prosesə hazırlaşmaq lazımdır: “Almaniya təcrübəsində də birləşmə prosesi bir xeyli çəkdi. Birləşmədən əvvəl üzücü ”soyuq müharibə", ardınca SSRİ-nin (Şurəvi) dağılması kimi hadisələr yaşandı. Əlbəttə, o zaman dünyada heç kim SSRİ-nin və ya Yuqoslaviyanın dağılmasını proqnozlaşdıra bilməzdi (öngörə bilməzdi). Lakin bu baş verdi. Bu mənada, biz də Azərbaycan olaraq bu cür hadisələrə hazır olmalıyıq".

Bütün bunlarla yanaşı, politoloq onu da qeyd edir ki, Azərbaycan özünün hazırkı gücünü nəzərə alaraq, Güney Azərbaycan məsələsilə əlaqədar İrana qarşı fəal şəkildə addım atmamalıdır. Amma prosesləri də nəzarətdən kənarda buraxmamalıdır. Əksinə, baş verənləri diqqətlə izləyərək, soydaşlarımızın köməyə ehtiyacı olan kimi proseslərə müdaxilə etməlidir.

Politoloqun sözlərinə görə, baş verən proseslərdə narahatlıq yaradan məqamlar da az deyil: “Yuqoslaviya dağılanda, Almaniya birləşəndə proseslər demək olar ki, qansız baş vermişdi. Lakin Şərqdə böyük dəyişikliklər tarix boyu qanla müşahidə olunub. Ona görə olduqca diqqətli olmaq gərəkdir. Əgər Güney Azərbaycan apardığı mübarizə nəticəsində azadlığa nail ola biləcəksə, növbəti mərhələ kimi, bu dövlətin Quzüy Azərbaycanla konfederasiya şəklində əməkdaşlıq etməsi vacibdir. Bir müddət birgə fəaliyyətdən sonra isə iki dövlət birləşə bilər. Amma bu cür hadisələr böyük dəyişiklikdir və İran kimi dövlətlərdə belə hadisələr qanla müşahidə olunur. Ona görə də hələlik Azərbaycan dövləti qonşusu olan İranla münasibətləri gərək olmadan korlamamalıdır”.

V.Quluzadə onu da əlavə edib ki, İran hazırkı dönəmdə ABŞ qarşısında məğlub duruma düşməmək üçün Güney Azərbaycandakı soydaşlarımızın pozulan haqlarını bərpa etməlidir. Amma digər tərəfdən də, bu kimi liberal dəyişikliklər müstəqilliyə doğru gedir.

Bu yerdə politoloq bir xatırlatma da edib: “Keçən əsrdə Stalinin dövründə Güney Azərbaycan müstəqillik üçün ayağa qalxmışdı. Amma Stalin soydaşlarımızı satdı. Ona görə də mən bir daha azərbaycanlıların satqınlığa məruz qalmamasını diləyirəm”.
Bu xəbər oxucular tərəfindən 1244 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed