Şrift:
Fərəc Quliyev:Qaraçuxurda mənzilində köçkünlər məskunlaşmış 154 ailə ilə bağlı TƏKLİF və s
03.02.2020 [15:11] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev 2015-2019-cu illər ərzində Milli Məclisin 115 iclasının 71-ində 177 təklif ilə çıxış edib. Həmin təklifləri hissə-hissə təqdim edirik.
25-ci hissə


146.Qaraçuxurda mənzilində köçkünlər məskunlaşmış 154 ailə ilə bağlı: (07.12.2018)

Mən iki gün öncə Qaraçuxur qəsəbəsində mənzilində köçkünlər məskunlaşmış 154 ailələrin 54 nəfər təmsilçisini qəbul etdim. Bütün bina qaçqınlar və köçkünlər tərəfindən zəbt olunubdur. Təbii ki, bu da onların iradəsindən asılı deyil, o vaxt köçkün düşüblər. İnsanlar təklif edirlər ki, heç olmasa, bizə ya kompensasiya verilsin, özümüz mənzil alaq, ya da köçkünlərə mənzillər veriləndə, əvvəl bu 154 mənzildə məskunlaşmış köçkünlərə mənzil verilsin ki, öz evimizə qayıdaq .Tutaq ki, yataqxanalar kimsənin deyil, yataqxanalardan sonra da köçmək olar. Mənzillərində köçkünlər məskunlaşmış ailələrin arasında hərbçilər, təqaüdçülər də var. 25 ildir, kənarda oturublar.Amma hər halda 154 ailə çıxıb, orada başqa bir formada etiraz etmək əvəzinə, təklif verirsə, biz də bu təklifləri gərək dəyərləndirək, nəzərə alaq.

147.Müxalif fikir cəmiyyətə olduğu kimi çatdırılsın: (01.02.2019)

İndiki dönəmdə parlament televiziyasının olması çox vacib şərtlərdən birisidir. İndi 5-ci kalonun fəallaşması, xarici dövlətlərin ölkədəki vəziyyəti gərginləşdirmək üçün etdiyi çabalar informasiya savaşında bu televiziyanın olmasının önəmini həddən artıq artırır. Bizim parlamentdə istənilən müxalif fikrin ortaya qoyulması cəmiyyətə olduğu kimi çatdırılmır. Mən öz timsalımda deyirəm dəfələrlə bütün məsələlərlə bağlı əgər kəm-kəsir olubsa çox sərt şəkildə mövqe bildirmişəm. Büdcə məsələlərində çox sərt şəkildə mövqe bildirmişəm. Çıxışlarıma tolerant şəkildə yanaşmalar olubdu və təkliflərimin demək olar 90-95%-i həmişə qəbul olunubdu .Amma biz bu müxalif fikrin, müxalif davranışın, hakimiyyətə müxalifliyin dövlətə müxalifliklə fərqini ortaya qoymağı bacarmalıyıq. Kənarda - meydanlarda, küçələrdə bu müxalifliyi edənlər görməlidirlər ki, parlamentdə ən normal şəkildə problemlərə müxalif davranışlar vardır, konsepsiyalar ortaya qoyulur və bu da çox normal şəkildə qarşılanır.

148.Qarabağ komitəsinin yaradılması (təkrar çağırış): (01.02.2019)

Mən həmişə bunu təklif etmişəm, bir daha təkrar eləmək istəyirəm ki, parlamentdə daimi olaraq Qarabağ Komitəsinin yaradılması çox vacib şərtlərdən biridir. Bu dönəm üçün bu komitənin yaranması, fəaliyyət göstərməsi, müzakirələrin aparılması həm Dağlıq Qarabağ icmasına, ümumiyyətlə xarici siyasətdə Dağlıq Qarabağla bağlı məsələlərdə bizim töhvəmiz olar.

149.Türkmənçay müqaviləsinin qüvvədən düşməsi: (12.02.2019)

İki gün əvvəl hazırda heç bir hüquqi gücü olmayan “Türkmənçay” müqaviləsinin bağlanmasının 191-ci ili tamam oldu. Mən 2011-ci ildə də bu haqda parlamentdə təkliflə çıxış etdmişdim. Artıq bu müqaviləni bağlayan iki tərəfdən biri-Rusiya imperiyası mövcud deyil. Rusiyada Sovet hakimiyyəti qurulandan sonra 1921-ci ildə İranla sovet hökuməti arasında bağlanmış müqaviləyə görə İranla çar Rusiyası arasında imzalanmış müqavilələrə xitam verildi. Lenin hökuməti ilə Qacarlar hakimiyyəti arasında bağlanmış müqavilədə qeyd edilir ki, indiyə qədər bağlanmış müqavilələr qüvvədən düşdüyünü elan edir. İndiki Rusiya isə Azərbaycanla ikitərəfli müqavilə bağlayıb.
Biz , “Türkmənçay” müqaviləsinin qüvvədən düşdüyünü bilirik, ona görə də yaxşı olar ki,Azərbaycanın bölünmüş xalq olduğunu, “Türkmənçay” müqaviləsinin qüvvədən düşdüyünü rəsmən bəyan edək. Biz Güney Azərbaycanda olan 40 milyon soydaşımızın taleyinə biganə qala bilmərik.

150.Gürcüstandakı soydaşlarımızın hüquqları ilə bağlı: (05.03.2019)

Biz bu yaxınlarda parlamentdə Gürcüstandan gələn bir qrup soydaşımızı qəbul etdik. Gürcüstan-Azərbaycan dostluq qrupunun üzvləri olaraq görüş keçirdik, onları dinlədik.Bir müddət əvvəl Bolnisi rayonunda bizim əhalinin kompakt yaşadığı ərazidən 800-ə qədər azərbaycanlı ailəsi çıxardılıb və sonradan ora 800-ə qədər erməni ailəsi yerləşdirilibdir. Bu, oradakı əhalimizə olan münasibətdir. Bu hadisə, əlbəttə, indiki hakimiyyətin dönəmində olmayıbdır, əvvəllər olubdur. İndi orada ətraf kəndlərdə olan soydaşlarımız Bolnisi rayonunda torpaq ala, ev tikə bilmirlər. Onların dağıdılmış mənzilləri var idi, gedib bərpa edə bilmirlər. Açıq şəkildə bizim soydaşlarımızın ora qayıtmasına imkan vermirlər. Onlar türk, Azərbaycan əsilli Gürcüstan vətəndaşlarıdır və onların hüquqları digər Gürcüstan vətəndaşları ilə eynidir. O insanların orada yaşamaq, məskunlaşmaq, ev tikmək və başqa hüquqlarını əllərindən almaq olmaz. Bolnisi çox strateji bir yerdir. Təxminən Meğri rayonu daxil olmaqla Zəngəzur tipli bir yerdir. Bir vaxtlar Meğri də daxil olmaqla Zəngəzuru bizim əlimizdən almaqla Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın və bütövlükdə türk dünyasının əlaqəsini qırdılar. Coğrafi mənada əlaqə qırıldı. Bu gün Bolnisidə həmin siyasət yürüdülərsə və ora da erməniləşdirilərsə, Azərbaycanla Gürcüstandakı soydaşlarımız arasında, Borçalıda o coğrafi bufer zonası yaradılacaqdır. Bu çox ciddi məsələdir və mən xahiş edirəm ki, hörmətli ombudsman Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Cənub Qafqaz Ofisinə Durban Bəyannaməsi və fəaliyyət proqramının prinsiplərini əsas götürərək bir müraciət hazırlasın, eyni zamanda, Gürcüstanın ombudsman institutu ilə əlaqəyə girsin. Ora da müraciət hazırlasın, bizim Gürcüstandakı insanlarımızın hüquqlarını müdafiə etsin. Bu sıradan bir məsələ deyil və bizim soydaşla- rımızdır. Həm o mənada, mənəvi cəhətdən bizim borcumuz və haqqımızdır ki, o məsələnin üzərinə gedək.

151.Ticarət ilə bağlı- İstehsalçıların daxili ticarətdə mövqeyini qorumalı: (15.03.2019)

Daxili bazarlarda yerli malların ticarət dövriyyəsi əvvəlki ilə nəzərən 2018-ci ildə 1.4 milyard dollar və yaxud da 12% azalaraq 11.7 milyarddan 10.3milyarda düşübdü.
Bu azalma həm əhali və dövlət büdcəsinin, yerli istehsalla məşğul olan fiziki və hüquqi şəxslərin yüz milyonlardan məhrum olması, həm də minlərlə iş yerlərinin itirliməsi anlamına gəlir. Deməli, yerli mallar yerli bazarlardan da sıxışdırılıb çıxarılır və boşalmış yerlər əcnəbi mallar hesabına dolmaqdadır.
İstehsalçıların daxili ticarətdə mövqeyini zəiflədən mənfi tendensiyanın durdurulması və onun doğurduğu ağır nəticələri aradan qaldırılması üçün tədbirlər nəzərdə tutulubmu?

152.ARDNF valyuta vəsaitləri ilə bağlı: (15.03.2019)

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) açıqladığı 2018-ci il üçün məlumatda diqqəti çəkən 1 məqam var. Fondun açıqlamasından görünür ki, ötən il valyuta vəsaitlərinin idarəedilməsindən olan gəlirlər xeyli azalıb. Bunun səbəbi nədir ? Bu vəsaitlərin idarəedilməsindən gələn gəlirlər niyə azalıbdı?

153.Sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı: (15.03.2019)

Xeyli evlər, mənzillər varki, sənədsizdir.Məsələn ,Hövsan kəndində demək olar bütün kənddə neçə illərdir, on illərdir insanlar burda yaşayırlar ,amma onların qeydiyyatı yoxdur. Onlar kredit götürmək istəyirlər, tutaq ki mənzillərini girov kimi qoya bilmirlər. Bu məsələnidə həll eləməyin məncə artıq zamanı çatıbdı.

154.İşğal olunmuş ərazilərimizdəki vəziyyətlə bağlı: (15.03.2019)

Konkret olaraq ad ilə mən deyim Base Metals və Valex Group şirkətləri və bir neçə fiziki şəxslərə artıq verilən materiallarla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunda cinayət işi açılıbdı. Amma bu şirkətləri və adamları daha çox beynəlxalq məhkəmələrədə verməyin zamanıdır, çünki 155-ə qədər orda bizim müxtəlif növ faydalı qazıntı yataqlarımız vardır və onlar qanunsuz olaraq istismar olunurlar. Məsələn, xüsusən mən qeyd edim ki, Söyüdlü qızıl yatağının First Dynasty Mines (FDM) Kanada şirkəti tərəfindən istismar olunmasını nəzərinizə çatdırım. Təkcə bir ildə orda 7 tona qədər qızıl çıxarılıb aparılmışdır. Bu rəqəmlər civə ilə bağlı, gümüş ilə bağlı, başqa materiallarla bağlı milyardlarla ölçülən vəsaitə də aiddir. Ümuniyyətlə bizim iqtisadiyyatın 16 %-ni mənibsəyibdilər və orda bu cür işlər görürlər. Mən yenə deyirəm təqdir edirəm ki, bir neçə şirkətlə bağlı olaraq ölçü götürülür amma 30-a qədər şirkət və xüsusəndə xaricdə ermənilərin yaratdığı şirkətlər Azərbaycanın işğal olunmuş ərazilərinə gəlibdilər və burda qeyri-qanuni işlərlə məşğuldurlar. Əvvəl ağacları kəsib talayıb apardılar. Əmlakları, binaları söküb apardılar, indi isə artıq yeraltı, yerüstü sərvətləri talayırlar. Mədəniyyət abidələri dağıdıbdılar ki, bunlar təbii ki, rəqəmlə ölçülməz. Təkcə dağıdılmış əmlakla bağlı 60 milyard civarında bizə zərər veribdilər. Bunların adlı olaraq göstərilməsi çox vacibdir. Çünki istənilən dövlətin büdcəsi və hesabatı BMT-də də xüsusi bölümlər tərəfindən nəzərə alınır. Biz gələcəkdə təzminat davası açanda bu bizə lazım olacaq. Bu utopik bir şey deyil.
Bu xəbər oxucular tərəfindən 640 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed