Şrift:
Qarabağa gedən yol düzgün hədəflənən hərbi hazırlıqdan keçir
04.02.2020 [11:44] - Gənclik
Gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında Xidmətin “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xidmətləri də danılmazdır. Artıq respublikamızda bu Mərkəzi tanımayan yoxdur. Vətəndaşlarımızın hərbi vətənpərvər, milli ruhlu və sağlam fikirli formalaşmasını həmişə diqqət mərkəzində saxlayan Mərkəz bu istiqamətdə konkret tədbirlər həyata keçirir. Cəmiyyətin sədri Niyazi Eynalov bildirib ki, müharibə şəraitində olan ölkənin gənclərində qələbə qazanmaq əzmini artırmaq, onları xüsusi hərbi ixtisaslı mütəxəssis kimi hazırlamaq, güllə atıcılığının sirlərini mükəmməl aşılamaq və sərrast atıcılar yetişdirmək fəaliyyətimizin əsasını təşkil edir. Məhz bunun üçün də snayper, kəşfiyyatçı, aşpaz və sürücü xüsusi hərbi ixtisasları ilə yanaşı, Mərkəzin nəzdində sıravi vətəndaşlarımız üçün bir il əvvəl atıcılıq kursu yaradılıb. Kursun gənclər arasında tanıdılması üçün effektiv təbliğat işlərinə başlanılıb. Belə ki, kursun əhəmiyyətini və gedişini əks etdirən çoxlu sayda posterlər, təlim-seminarlardan videoçarxlar hazırlanaraq sosial şəbəkələrin on minlərlə aktiv istifadəçisinə çatdırılıb. Bunun nəticəsi olaraq bu günədək 13-60 yaş arasında olan vətəndaşlardan ibarət 14 qrup açılıb. Onların sırasında məktəblilər, tələbələr, magistrlər, tibb işçiləri, idmançılar, mühafizəçilər, kiçik sahibkarlar, sənətkarlar, bank işçiləri, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları, Müdafiə Sənayesi Nazirliyinin, Dövlət Miqrasiya Xidmətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin bir sıra əməkdaşları kursumuzun məzunu olublar. Qruplarda hazırlıq keçən dinləyicilərin 44 faizini xanımlar təşkil edib. Bundan başqa, atıcılıq kursunun müdavimləri müxtəlif hərbi mövzularda ödənişsiz seminar və təlimlərə cəlb olunub. Davamlı olaraq peşəkar atıcı-instruktorların və hazırda Silahlı Qüvvələrimizdə şərəflə xidmət edən peşəkar zabitlərin təqdimatında hərbi mövzularda seminar və təlimlər təşkil edilməkdədir. Biraylıq kurs müddətində nəzəri biliklərlə yanaşı, təcrübi təlimlər - silahdan təhlükəsiz davranış, silahların təyinatı, hissə və mexanizmlərin iş qaydası, taktiki-texniki xüsusiyyətləri, normativə uyğun sökülüb-yığılması, silahın doldurulması və boşaldılması qaydaları tədris olunur. Bundan başqa, dəqiq nişanalma üsulları, ilk tibbi yardım, hüquqi hazırlıq, orientirləşmə və topoqrafik və sair təməl bacarıqları öyrədilir. Kurs müddətində kiçik kalibrli TOZ-8 və optik nişangahı olan TOZ-17 markalı tüfənglərdən sərbəst atışlar təşkil edilir.
Bakı şəhəri üzrə orta təhsil müəssisələri şagirdlərinin hərbi bilik və bacarıqlarının artırılması üçün ödənişsiz atıcılıq dərnəyi də təşkil olunub. Şagirdlər bu dərnəklərdə 45-90 dəqiqəlik seanslarda silahların sökülüb-yığılması və atəş hazırlığı ilə yanaşı, həm də 5,6 millimetrlik “TOZ-8” silahından güllə atışları da icra edirlər. Bütün bunlarla yanaşı, Nazirlər Kabinetinin müvafiq sərəncamlarının icrası ilə əlaqədar, 2019-cu ilin I və II tədris mərhələlərində Silahlı Qüvvələrin sifarişi əsasında zəruri sayda çağırışçı sürücü xüsusi hərbi ixtisaslı mütəxəssis kimi hazırlanıb. Mərkəzin fəaliyyəti ilə yaxından tanış olduqdan sonra tam əminliklə deyə bilərik ki, bu gün şərti hədəfləri dəqiq məhv etdikləri kimi, döyüş meydanında da düşmən qüvvələrini darmadağın edəcəyinə inandığımız müdavimlər var. Bütün bunlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzinin qarşıya qoyulan vəzifələri ən yüksək səviyyədə yerinə yetirməsi sayəsində mümkün olub.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 106 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed