Şrift:
Qubada ayrı-seçkiliklə mübarizə mövzusunda təlim-seminar keçirilib
04.02.2020 [12:26] - Sosial
Avropa Şurası və Avropa İttifaqının birgə dəstəyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşkilatçılığı ilə “Ombudsman İnstitutunun əməkdaşları üçün təcrübədə ayrı-seçkiliklə mübarizə” mövzusunda 29-30 yanvar tarixlərində Qubada təlim-seminar keçirilib. Ombudsman Aparatının mətbuat xidmətindən verilən məluymata əsasən, tədbir Avropa Şurası və Avropa İttifaqının birgə dəstəyi ilə həyata keçirilən “Şərq tərəfdaşlığı ölkələrində ayrı-seçkilik, nifrət zəminində cinayət qurbanlarının hüquqlarının müdafiəsi üçün məhkəmədənkənar mexanizmlər vasitəsilə ədliyyəyə çıxış imkanlarının (əlçatanlığının) gücləndirilməsi” adlı regional layihə çərçivəsində təşkil olunub. İlk olaraq Müvəkkil və tədbir iştirakçıları Quba şəhərində xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətə dərin ehtiramlarını ifadə ediblər. Tədbirdə Müvəkkil Səbinə Əliyeva, Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyes, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Ombudsman Aparatının və Regional Mərkəzlərin əməkdaşları, xarici və yerli ekspertlər, QHT və yerli icmaların nümayəndələri iştirak ediblər. Ombudsman tədbiri giriş sözü ilə açaraq, Azərbaycan Respublikasının ərazisində müxtəlif xalqların, o cümlədən azsaylı etnik qrupların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dostluq şəraitində yaşadıqlarını diqqətə çatdırıb. O, tolerantlıq nümunəsi olan Azərbaycanda multikulturalizmin həm dövlət siyasəti, həm də həyat tərzi olduğunu bildirib. Müvəkkil ölkə Konstitusiyasında və digər milli qanunvericilik aktlarında ayrı-seçkiliyin qadağan olunduğunu, bərabərlik hüququnun təsbit edildiyini vurğulayıb. Bildirilib ki, Azərbaycan Ombudsmanı Avropa Şurası və Avropa İttifaqı ilə insan hüquqlarının müxtəlif sahələri üzrə əməkdaşlıq edir, o cümlədən hər iki qurumun Yaxşı idarəçilik üzrə Tərəfdaşlıq Birgə Proqramı çərçivəsində təsisat Paris və Moldova şəhərlərində keçirilən beynəlxalq tədbirlərdə təmsil olunub və ayrı-seçkiliklə mübarizə sahəsində təcrübə mübadiləsi aparılıb. Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi kontekstində onlar üçün bərabər imkanların təmin edilməsinin ədalətlilik prinsipi nöqteyi-nəzərindən əhəmiyyətli olduğu Ombudsman tərəfindən vurğulanıb. Ötən il “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının ölkəmiz tərəfindən ratifikasiya olunmasının əhəmiyyətini qeyd edən Ombudsman əhalinin həssas təbəqəsi hesab edilən uşaqların hüquqlarının daha səmərəli müdafiəsinin güclü bir cəmiyyətin formalaşmasında mühüm rola malik olduğunu bildirib. Eyni zamanda “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” Avropa Şurası Konvensiyasının (İstanbul Konvensiyası) ölkəmiz tərəfindən ratifikasiya edilməsi ilə bаğlı təkliflərin də irəli sürüldüyünü bildirən Ombudsman həm bu istiqamətdə, həm də Dayanıqlı İnkişaf Məqsədlərindən gender bərabərliyinin təmininə dair 5-ci məqsədin milli səviyyədə implementasiyası istiqamətində fəaliyyətin davam etdiriləcəyini iştirakçıların diqqətinə çatdırıb. Ombudsman tədbirin ayrı-seçkiliklə mübarizə sahəsində bilik və bacarıqların təkmilləşdirilməsində, yeni təcrübələrin qazanılmasında faydalı olacağına inandığını bildirib və bütün iştirakçılara uğurlar arzulayıb. Tədbirdə çıxış edən Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyes, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas ilk olaraq Səbinə Əliyevanı ölkə Ombudsmanı seçilməsi münasibəti ilə təbrik edib, Ombudsman İnstitutu ilə Avropa Şurası və Avropa İttifaqı arasında olan əlaqələrin daha da genişləndirilməsi istiqamətindəki fəaliyyətini yüksək qiymətləndiriblər. Açılış nitqlərində adı çəkilən layihənin əhəmiyyətindən danışılıb və layihənin icrası istiqamətində Ombudsman təsisatı ilə əməkdaşlığın önəmi vurğulanıb. Tədbir çərçivəsində sessiyalarda ayrı-seçkiliklə mübarizədə tətbiq edilən mövcud Avropa standartları, effektiv yanaşmalar, ölkələrin müsbət təcrübələrinə dair interaktiv müzakirələr təşkil olunub və iştirakçıların sualları cavablandırılıb. Xarici ekspertlər Azərbaycanda müxtəlif xalqların nümayəndələrinin tolerantlıq mühitində mehriban birgəyaşayışını, eləcə də Azərbaycan Ombudsmanının insan hüquq və azadlıqlarının müdafiəsi və təmini sahəsindəki çoxşaxəli fəaliyyətini yüksək dəyərləndiriblər. Tədbir çərçivəsində iştirakçılar Quba Soyqırımı Memorial Kompleksini də ziyarət ediblər. Tədbirin bağlanış mərasimində çıxış edən Ombudsman Səbinə Əliyeva seminar çərçivəsində geniş əhatəli və ictimai əhəmiyyətli müzakirələrin aparılmasının ayrı-seçkilik mövzusunda sistemli maarifləndirmə işinə mühüm töhfə olduğunu bildirib. O, ayrı-seçkilik məsələsinin dünyada böyük aktuallıq kəsb etdiyini vurğulayaraq dünya birliyinin - aidiyyəti regional və beynəlxalq qurumların ikili standartlara yol vermədən, adekvat yanaşma ortaya qoymalarının vacibliyindən bəhs edib. Ombudsman Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş 1 milyondan çox soydaşımızın fundamental hüquqlarının pozulduğunu bildirərək dünya ictimaiyyətinin ədalətli və qətiyyətli mövqe nümayiş etdirməsinin, işğalçıya qarşı təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyindən danışıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 316 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed