Şrift:
Heç bir suçu olmayan milli fəal Məhəmməd Mahmudi Mərkəzi Zindanına köçürülüb
04.02.2020 [18:13] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından biri olan Məhəmməd Mahmudi 3 aya yaxın İran adlı molla rejiminin ən qəddar hərbiləşdirilmiş cəza təşkilatı kimi tanınan Ettelaat İdarəsinin təcridxanasında saxlandıqdan sonra Təbrizdəki Mərkəzi Zindanının 16-cı bölümünə köçürülüb. Milli fəalın həftələr öncə zindana köçürülməsi gözlənilirdi, lakin Ettelaat İdarəsi ona qarşı təzyiq göstərmək məqsədi ilə nəzərdə tutulan vaxtda zindana köçürülməsinə imkan verməyib. M.Mahmudi fevralın 3-də Təbriz həbsxanasına aparılıb. Milli fəal bir müddət əvvəl ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq zindana köçürüləcəyi barədə məlumat vermişdir. Bu məsələ ilə bağlı fəalın ailəsi də çox cəhd göstərib. Lakin o da digər milli fəallarla birgə ağır işgənclər altında 2 ay 19 gün Ettelaat İdarəsinin təcridxanasında saxlandıqdan sonra həbsxanaya köçürülüb.
M.Mahmudi 2019-cu il noyabrın 17-də İran adlı ölkəni 41 ildir idarə edən molla rejimi tərəfindən benzin və neft məhsullarının 3 dəfə (300 faiz) artırılmasına qarşı keçirilən kütləvi etirazlar zamanı Təbrizdə gecə saatlarında Ettelaat əməkdaşları tərəfindən oğurlanıb. O həmin etirazlar zamanı saxlanılan çox sayda azərbaycanlı milli-mədəni fəal kimi, heç bir dəlil olmadan uzun müddətdir qeyri-müəyyən vəziyyətdə saxlanılır.
Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından biri olan Məhəmməd Mahmudi iki qız uşağı atasıdır. Evin güzəranını təmin edən atanın saxlanması ailə üzvlərini maddi sıxıntılarla üz-üzə qoyub. Məhəmməd Mahmudi 2018-ci il mayın 25-də, 2006-ci il milli qiyam (xordad hadisələri) zamanı canlarını fəda etmiş sulduzlu şəhidlərin məzarı başında keçirilən mərasimlə əlaqədar yaxalanıb və mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmışdır.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 204 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed