Şrift:
Kişilər ağlamaz
07.02.2020 [17:37] - Gündəm
Ötən günlərdə dərsə gedərkən avtobusda 20-ci əsrin fransız yazıçısı Albert Kamyunun “Yad” əsərini oxuyurdum. Povestin baş qəhrəmanına anasını son mənzilə yola salarkən tabutu son dəfə açıb anasının üzünü görməyi təklif edirlər. Lakin oğul imtina edir və anasının dəfnində göz yaşı axıtmır. Baş qəhrəmanın bu davranışı duyğusuzluq və qəddarlıq kimi qəbul olunur və cəmiyyət tərəfindən qınağa səbəb olur.
Dərsdən sonra tənəffüsdə oğlan kurs yoldaşlarımdan soruşdum: “Niyə kişilər ağlayanda gözlərini gizlədirlər?” Cavablar bu cür oldu: “Ağlamaq kişilikdən deyil”, “Utanıram”, “Anam elə öyrədib”, ”Zəif görünməmək üçün”, ”Kişilər ağlamaz” və s.
Qədim zamanlardan başlamış ilk insan qidanı yalnız savaşaraq əldə edirdi. Savaşmaq üçün isə hər canlının ibtidai təbiətində aqressiya var. Vəhşi təbiətdə sağ qalmaq və qida tapmaq üçün oğlan uşaqlarında aşırı dərəcədə aqressiya və sərtlik xüsusiyyətlərini inkişaf etdirirdilər. Zaman keçdi və insanlar torpaqlara, məkanlara hakim olmaq istədilər, ərazilərini böyütmər üçün kişilər toplumlar yaradıb müharibəyə başladılar və müharibədə həmişə daha çox güc, aqressiya, sərtlik olan tərəf qalib gəlirdi. Kişilərin həyatı elə savaşlarda keçirdi. Həmin dövrlərdə insan ağrı-acıya təbiətində olan göz yaşlarıyla cavab versəydi həyatda qala bilməzdi. Bu səbəbdən dolayı, ağlamağı aqressiya ilə çıxarırdı və ali varlığın – insanın təbiətində var olan xüsusiyyətlər (hisslər): mərhəmət, kövrəklik, vicdan, incəlik, ağlamaq, mehribanlıq boğulmuş qaldılar.
Vaxt ötdü, dövran dəyişdi, bu gün müasir insanıq və qədim zamanla ən böyük fərqlərdən biri odur ki, bu gün kişilər evdə daha çox vaxt keçirirlər, biz qadınlarladılar, ətrafmızdadılar, bizimlə daha çox ünsiyyətdədilər, artıq sağ qalmaq üçün gündəlik aqressiyaya ehtiyac yoxdur. Lakin bir çox ailədə oğlan uşağını yenə qədim zamandakı kimi böyüdürlər: aşırı dərəcədə sərt və susdurulmuş mülayimliklə.
Qız uşağınız yıxılıb ağlayanda onu qucağınıza alıb əzizlədiniz. Həmin vəziyyətdə oğlan uşağınız ağlayanda ona “ağlama, kişisən sən” dediniz və bu, hər dəfə təkrarlandı. Oğlunuz həyacandan, sevincdən, ya kədərdən ağlayaraq üstünüzə gələndə “kişilər ağlamaz” deyə təkrarladınız. Sonunda istəyinizə çatdınız, ağlamadı, özünə qapandı. Öz insani hisslərindən utandırdınız oğlunuzu. Ağlayası olduğu yerdə dinməz durdu, hisslərini susdurdu, boğdu. Qorxanda “kişilər qorxmaz” dediniz. Qorxularıyla üz-üzə tək qoydunuz uşağı. Övladınızın hər dəfəsində içinə saldığı duyğulara, hisslərə nə olduğunu heç düşündünüzmü? Tükəndimi, yoxsa öldürüldümu? Xeyr. Heç bir boğulmuş hiss səssiz qalmır, başqa bir şəkildə olsa da mütləq özünü biruzə verir. Ətrafınıza baxsanız illərlə boğulmuş hissləri, dilə gətirilməyən narahatçılıqarı, inciklikləri görəcəksiniz. Anasını təhqir edən, atasına səs qaldıran oğulda, bacısına əl qaldıran qardaşda, həyat yoldaşına hörmət etməyən ərdə görəcəksiniz qadağan etdiyiniz göz yaşlarını. Siz oğullarınızı başqalarının acısına kar və kor böyütdünüz.
Uşaq gözünü dünyaya açandan ətraf mühitə adaptasiya olmağa başlayır. Siz hər canlını ona xətərli göstərdiniz. Uşaq hər şeydə bir təhlükə görməyə və aqressiv olmağa başlayır. Hər dəfə laqeyd yanaşdığınız hirsi daşanda isə əzizlərinin, ailəsinin üzərinə tökülür. İcazə verin övladınız ürək yanğısını, can ağrısını göz yaşlarıyla biruzə versin, qəddarlıqla, hirslə deyil.
Kişilik xarakter deyil, cinsi mənsubiyyətdir. Mərhəmət, gülərüzlülük, vicdan, mehribançılıq, duyğusallıq, sevgi – bunlar yalnız qadın cinsinə aid deyil, bunlar hamının təbiətində var. Önəmli olan odur ki, uşaq vaxtından hansını daha çox inkişaf etdirəcəksiniz. Siz isə qəddarcasına ən lazımlı, ən uca olan hissləri – sevgini, qayğıkeşliyi, mülayimliyi oğlunuzda susdurdunuz. “Kişi” deyib ağır yüklə yüklədiniz oğullarınızı. “Sevmək” əvəzinə “vurmaq” öyrətdiniz, “gülümsə” əvəzinə “ciddi ol” dediniz və bu cür davrandığınız övladdan istilik və qayğıkeşlik gözlədiniz...

Şənhəyat ELMANQIZI
Bu xəbər oxucular tərəfindən 752 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed