Şrift:
XİN BMT-in Təhlükəsizlik Şurasında fəaliyyət üçün proqram hazırlayır
26.10.2011 [09:31] - Gündəm
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü 2012-ci il 1 yanvar tarixindən başlayacaq və 2013-cü il dekabrın 31-ə qədər davam edəcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iki il müddətində Azərbaycan növbə ilə Təhlükəsizlik Şurasının 1 ay müddətinə sədri funksiyalarını yerinə yetirəcək.

Hazırda Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Təhlükəsizlik Şurasında 2 illik fəaliyyət üçün hazırlıq işləri aparılır və Şuranın gündəliyinə uyğun olaraq müəyyən tədbirlər planlaşdırılır. Bundan əlavə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü olaraq qarşıdan gələn 2 il müddətində öz təcrübəsinə uyğun sahələrdə, xüsusilə də sivilizasiyalararası dialoq, iqtisadi cəhətdən az inkişaf etmiş dövlətlərə yardım və digər humanitar məsələlərə dair yeni layihələr irəli sürməyə hazırlaşır.

Məlumatda bildirilir ki, Azərbaycan 24 oktyabr 2011-ci il tarixində keçirilən 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçkilərdə 155 BMT üzv dövlətinin dəstəyini qazanaraq inamlı qələbə qazanıb.

Bu, Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla ölkənin son illər dünya miqyasında artan siyasi nüfuzunun bariz sübutu olaraq qəbul edilməlidir. Bu qələbənin müstəqilliyin bərpasının 20-ci ildönümündə əldə edilməsi təsadüfi deyil. Belə ki, Azərbaycan, ötən 20 il ərzində stabil inkişaf edən, yüksək iqtisadi göstəricilərə nail olan və beynəlxalq siyasətdəki əməlləri ilə dünya ictimaiyyətinin rəğbətini qazanan dövlət olaraq bütün bu müvəffəqiyyətlərin nəticəsində beynəlxalq səviyyədə ən mötəbər qurumun üzvlüyünə seçilib.

Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının üzvü seçilən ilk ölkə olub. Eyni zamanda, bu da simvolik bir haldır ki, Azərbaycan bu tarixi qələbəni BMT-nin təsis edildiyi gün olan 24 oktyabr tarixində əldə edib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası dünyada sülh və təhlükəsizliyin təmin edilməsi üzrə BMT-nin məsul qurumu olub, 5 daimi və 10 qeyri-daimi üzvdən ibarətdir. Şura dünya miqyasında baş verən ən önəmli və aktual məsələlərin əsas müzakirə və qərar qəbul etmə məkanıdır. Şərqi Avropa qrupundan namizədliyini irəli sürən Sloveniya və Macarıstanla mübarizə aparan Azərbaycan seçkilərin 16 mərhələsində əvvəl Macarıstan, sonra isə Sloveniya üzərində şərtsiz üstünlük qazanaraq qələbə üçün tələb olunan 129 səsdən də çox olan 155 səs əldə edib.
Bu xəbər oxucular tərəfindən 457 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed