Şrift:
Lerikdə 105 yaşlı Gülənbər nənənin evinə daşınan seçki qutusu aparılıb
09.02.2020 [12:13] - Sosial
Bu gün Milli Məclisə keçirilən seçkilərdə Azərbaycanın ən yaşlı seçicilərindən biri, Lerik rayonunda yaşayan Gülənbər nənə də öz namizədinə səs verib. Ağbirçək uzunömürlü Səlimova Gülənbər Mehdi qızının 105 yaşı var.

Uzunömürlülər diyarı Lerikin ən yaşlı seçisisi 1915-ci ildə Əliabad kəndində anadan olan Səlimova Gülənbər Mehdi qızıdır. Ağbirçək nənənin yaşadığı kənd rayon mərkəzindən 12 kilometr aralıda, dəniz səviyyəsindən isə 960 metr hündürlükdə dağlar qoynunda yerləşir. 78 saylı Lerik seçki dairəsinin 51 saylı məntəqəsi bu kənddə yerləşir. Məntəqəyə səs vermək üçün ərizə ilə müraciət edən 12 nəfərdən biri də Gülənbər nənədir.

Səhər saatlarından məntəqənin iki əməkdaşı Səlimovlar ailəsinin yaşadığı evə daşınan qutu gətirərək onun səsverməsinə şərait yaradıblar. Oğlu Həmdulla Səlimov anasının fikirlərini bölüşməsində ona yardımçı olur: “Məntəqə üzvləri müraciətimiz əsasında daşınan seçki qutusunu bizim evə gətiriblər. Onların köməkliyi ilə anam səsvermədə öz namizədinə səs verir. Bunun üçün seçki məntəqəsinə və onun kollektivinə təşəkkür edirik”.
Üç övladı, 12 nəvəsi, 25 nəticəsi və 1 kötücəsi olan Gülənbər nənə öz namizədinə səs verərək hər kəsə uğurlar arzuladı. 78 saylı Lerik seçki dairəsində Gülənbər nənə ilə yanaşı, yaşı yüzdən çox olan daha iki seçici qeydiyyatdadır. Hər iki uzun ömürlünün də yaşadığı ünvana daşınan qutular aparılaraq, onların səsvermədə iştirakı təmin olunub.

78 saylı Lerik seçki dairəsinin sədri İdris Şıxəliyev deyib: “Dairəmizdə yaşı yüzdən çox olan 3 seçici var. Onların ən yaşlısı Gülənbər nənədir. Digərləri 101 yaşlı Eynaz Qasımova və 102 yaşlı Məmmədxan Abbasovdur. Seçicilər bu gün 15 namizədə səs verəcəklər. Əksər məntəqələrdə seçici aktivliyi var. Bu aktivlik belə davam edərsə, günün sonuna kimi seçicilərin böyük hissəsi səsvermədə iştirak edəcək”.

Qeyd edək ki, 78 saylı Lerik seçki dairəsi üzrə 108 məntəqədə 33 min 284 seçici qeydiyyatdadır. Bunlardan 75 nəfər bu gün ilk dəfə parlament seçkilərində səs verəcək. Rayonda seçki prosesini 1900-ə yaxın müşahidəçi izləyir. Bunlarda 3-ü beynəlxalq müşahidəçidir.
Bu xəbər oxucular tərəfindən 81 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed