Şrift:
Oğuzlu gənc doğum günündə ilk dəfə seçkidə iştirak edib
09.02.2020 [15:07] - Sosial
Həyatında ilk dəfə səsvermədə iştirak edən Oğuz rayonunun Xalxalqışlaq kənd sakini Ceyhun İsmayılzadə Milli Məclisə seçkilər günündə ikiqat sevinc hissi yaşayıb.
Fevralın 9-da 18 yaşı tamam olan Ceyhun İsmayılzadə səs vermək üçün 117 saylı Oğuz-Qəbələ seçki dairəsinin Xalxalqışlaq kəndində yerləşən 3 saylı seçki məntəqəsinə gələrkən xoş sürprizlə qarşılaşıb. Məntəqə seçki komissiyasının sədri Araz Cəfərov gənc seçicini doğum günü münasibətilə təbrik edərək, ona Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilmiş “İlk dəfə səs verən seçici” vəsiqəsini təqdim edib.

Doğum gününün parlament seçkiləri gününə təsadüf etməsindən böyük qürur hissi keçirdiyini bildirən Ceyhun İsmayılzadə deyib: “Xoşbəxtəm ki, doğum günüm belə əlamətdar günə təsadüf edir. İlk dəfədir səs verirəm və bununla fəxr edirəm. Bu tarixi gün yaddaşımda xoş bir xatirə kimi əbədi qalacaq”.

Ümumiyyətlə, 117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə parlament seçkilərində ilk dəfə səs verən gənclərin sayı 64 nəfərdir.
Bu xəbər oxucular tərəfindən 154 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed