Şrift:
Baş Prokurorluq 61 saylı Neftçala dairəsində vəkilin ölümü ilə bağlı məlumat yayıb
10.02.2020 [09:21] - Hüquq
Fevralın 9-da saat 23 radələrində 61 saylı Neftçala seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Xəqani Abdullayevin vəkili, 1959-cu il təvəllüdlü Mahir Hüseynovun yaşadığı evin pilləkən qəfəsində qəflətən vəfat etməsi ilə bağlı daxil olan məlumat əsasında dərhal hadisə yeri və meyitə prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertinin iştirakı ilə baxış keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Mahir Hüseynovun meyitinin müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb. İlkin araşdırma zamanı müəyyən edilib ki, Mahir Hüseynov seçki prosesləri yekunlaşdıqdan sonra saat 22 radələrində Aşağı Qaramanlı kəndindən tanışının idarə etdiyi avtomobillə Neftçala şəhərinə, yaşadığı evin qarşısına gələrək pilləkənlərlə mənzilinə qalxan zaman qəflətən yıxılaraq vəfat edib. Araşdırmalarla, həmçinin müəyyən edilib ki, Mahir Hüseynov uzun müddət ürək xəstəliyindən əziyyət çəkirmiş və 2016-cı ildən etibarən ürəyində 3 dəfə stent əməliyyatı aparılıb. Mahir Hüseynov müşahidəçisi olduğu dairənin rayonun Aşağı Qaramanlı kəndində yerləşən 28 saylı seçki məntəqəsindən seçki qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar həmin dairə seçki komissiyasına hər hansı müraciət daxil olmayıb, eləcə də münaqişə və sair qanunsuzluqlar qeydə alınmayıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 94 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed