Şrift:
Dubayda yaşayan azərbaycanlılarla görüş keçirilib
11.02.2020 [12:40] - Diaspor
Birləşmiş Ərəb Əmirliklərində səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) nümayəndə heyəti bu ölkənin ən böyük şəhəri olan Dubayda yaşayan azərbaycanlılarla görüş keçirib. Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, onlarla soydaşımızın iştirak etdiyi görüş Azərbaycanın Dubaydakı konsulluğunda təşkil olunub. Azərbaycanın dövlət himnin səsləndirilməsi ilə başlayan görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Komitə sədri Fuad Muradov tədbir iştirakçılarına rəhbərlik etdiyi qurumun fəaliyyəti, həyata keçirilən layihələr-dünyanın müxtəlif ölkələrində Koordinasiya şuralarının, Diaspor Gənclərinin Yay düşərgələrinin, xaricdə Azərbaycan evlərinin və həftəsonu Qarabağ məktəblərinin yaradılması, eləcə də digər mühüm layihələr haqqında ətraflı məlumat verib.
Görüşdə qarşılıqlı fikir mübadiləsinə, xüsusilə Dubayda yaşayan azərbaycanlıların təklif və problemlərinin dinlənilməsinə üstünlük verilib. Soydaşlarımız, ilk növbədə, yaşadıqları şəhərdə Azərbaycan məktəbinin açılmasının, dil kurslarının təşkilinin və ya onlayn həyata keçirilməsinin vacibliyini qeyd ediblər. Nəzərə çatdırılıb ki, Komitənin rəhbərliyinin və əməkdaşlarının Dubaya səfəri burada yaşayan soydaşlarımızın bir araya gəlməsi üçün olduqca əhəmiyyətlidir və bu səfərlərin mütəmadi olması vacibdir. Dubay şəhərində müxtəlif yüksək mövqelər tutan azərbaycanlılar bildiriblər ki, belə görüşlər buradakı gənc kadrları tanımaq və onların işlə təmin edilmələrinə kömək etmək baxımından əvəzsiz rol oynayacaq. Dubayda yaşayan azərbaycanlıların Koordinasiya Şurasının yaradılması məsələsi də müzakirə mövzusu olub və soydaşlarımızın burada təşkilatlanmağa meyilli olduqları diqqəti cəlb edib. Azərbaycanın Dubay şəhərindəki baş konsulu Cavidan Hüseynov burada yaşayan azərbaycanlılarla görüşü yüksək qiymətləndirib, belə görüşlərin ölkəmizin tanıdılmasında, soydaşlarımızın təşkilatlanmasında mühüm rol oynadığını vurğulayıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 529 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed