Şrift:
Qivami Rəhimli: “Təbrizin sehrli nağılları” yenidən dünyanı dolaşır
12.02.2020 [08:59] - Mədəniyyət
Səfəvilər dövründə şah sarayında böyük rəğbət qazanmış rəssamlar möhtəşəm uğurlara imza atıblar. Onlar kitablarda xəttatların əlindən getdikcə daha çox yer alırdılar, ölçüləri kiçildilmiş freskalara bənzəyən, bütöv səhifəni tutan iri miniatür kompozisiyalar yaradırdılar. Portret və saray həyatı haqqında səhnələr kimi yeni janrlar yaranırdı, lirik, epik və animalistika kimi janrlar da təkmilləşirdi. Mütəxəssislər XVI əsrin ortalarını - Təhmasib şahın hakimiyyətdə olduğu dövrü Təbriz miniatürlərinin, habelə ümumilikdə Şərq incəsənətinin intibah dövrü hesab edirlər. Osmanlı əlyazmalarında yer alan xüsusi bir miniatürdə Təhmasib şahdan çoxsaylı hədiyyələrin təntənəli surətdə təqdim edilməsi anı təsvir olunub və oradakı hədiyyələrin sayı heyrətamiz dərəcədədir. Ən çox diqqət cəlb edən məqam hədiyyələrin təqdim olunması mərasimində ən ön sırada dayanmış saray əyanlarının əlində Şah Təhmasibin sifarişi ilə hazırlanmış “Şahnamə” əsərinin əlyazmasının olmasıdır və bu əsər ordakı bütün qiymətli hədiyyələrdən daha yüksəkdə tutulur. Bu isə, o dövrdə elm və təhsilə verilən yüksək qiymətdən xəbər verir. Əsrlər boyu Azərbaycanın mədəni irsi bu xalqın böyük keçmişini, bənzərsiz mədəniyyətini və mənşəyini layiqincə təmsil edib. BP, burada fəaliyyətə başladığı ilk günlərdən bəri, Azərbaycanın zəngin mədəni irsi ilə yaxından maraqlanır. Bu günə qədər şirkət tərəfindən Azərbaycan mədəniyyətinin inkişafına, eləcə də onun ecazkar mədəni irsinin təbliğinə dəstək olmaq üçün çoxsaylı uğurlu layihələr gerçəkləşdirilib. Orta əsrlərdə Azərbaycan miniatür sənətinin təkamülünün əsas mərhələlərini və onun digər miniatür məktəblərinə təsirini əks etdirən “Təbrizin sehrli nağılları” kitabının nəşri Azərbaycan irsinin dünyaya tanıtdırılması baxımından Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə əməkdaşlığın gözəl bir örnəyidir. Bu layihə Mədəniyyət Nazirliyinin, “BP Azərbaycan”ın və “PAŞA Həyat sığortası”nın “IRS Publishing House” nəşriyyatı ilə tərəfdaşlığı nəticəsində həyata keçirilib. Kitabın müəllifi, professor Cəmilə Həsənzadə faktları təqdim edərək Azərbaycan miniatür rəssamlığının klassik dövrünü XIII əsrdəki ilk addımlarından XVI əsr Səfəvi dövründəki ən yüksək inkişaf nöqtəsinədək araşdıran aparıcı Qərb və Şərq alimlərinin fikirlərindən sitatlar gətirir. Orta çağlara aid Təbriz miniatürlərinin zəngin mirası dünyanın bir çox muzey və şəxsi kolleksiyalarında nümayiş olunur. Miniatür sənəti orta əsrlərdə bu bölgəyə xas olmuş, geniş yayılmış təsviri incəsənət növlərinin ən parlaq örnəklərindən biridir. Azərbaycan miniatürçülərinin bu ecazkar gözəl sənətə verdiyi töhfələr ölçüyəsığmazdır. Bütünlükdə, hər kəs tərəfindən qəbul edilir ki, Təbriz ustaları özlərindən sonra çox böyük miras qoyub və dünya mədəniyyətinə böyük töhfələr veriblər. Bu gün Azərbaycan miniatür sənətkarlarının əsərlərini yalnız bir neçə muzeydə görmək mümkündür. Bunlardan ən əsasları sırasında İstanbuldakı “Topkapı” muzeyi və Tehrandakı “Gülüstan” sarayı ilə yanaşı, Nyu-Yorkdakı “Metropolitan” muzeyini, Vaşinqtondakı “Freer” qalereyasını, Dublindəki “Çester Bitti” kitabxanasını, Britaniya muzeyini və Britaniya kitabxanasını, Edinburq Universitetinin kitabxanasını, Rusiya Milli Kitabxanasını, eləcə də Luvr muzeyini və Parisdəki Milli Kitabxananı göstərmək olar. Təbriz ustalarının bir çox qiymətli miniatürləri tədqiqatçılar üçün əlçatmaz olaraq qalır, çünki onlar ictimaiyyətə və elm adamlarına açıqlanmayan xüsusi kolleksiyalarda saxlanılır. “Təbrizin sehrli nağılları” kitabının nəşr olunması Azərbaycanın 2014-cü il təqvimindəki ən böyük mədəni hadisələrdən biri oldu və milli mədəniyyətin zəngin irsinin yenidən dirçəlməsinə təkan verdi. BP şirkəti, münasibətlərin qurulmasına yönəlmiş səylər çərçivəsində, həmin vaxtdan “Təbrizin sehrli nağılları” kitabını hökumət və parlament nümayəndələrinə, SOCAR və digər tərəfdaşlarına, xarici səfirliklərdə və beynəlxalq qurumlarda əsas əlaqə saxladığı şəxslərə təqdim edib. Orta əsrlərdə ən qiymətli hədiyyə kimi təqdim olunan, ölkələr, xalqlar və insanlar arasında körpü qurmağa xidmət edən Azərbaycan miniatürləri yenidən dünyanı dolaşmaqdadır. Bu kitabın növbəti səfəri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti ilə bağlıdır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə yüksək qiymət verən BMT-nin Baş katibi Antonio Quterreş qeyd edir ki, bu Mərkəz çətin vaxtlarda cəmiyyətlər və mədəniyyətlər arasında körpü qurur. Belə bir fəaliyyət inklüziv cəmiyyətin yaradılmasında çox mühüm əhəmiyyət daşıyır və BMT-nin dayanıqlı inkişaf məqsədlərində qeyd edilmiş amallara xidmət edir. BP mədəniyyətlər və xalqlar arasında dialoq və anlaşma qurmaq missiyasını dəstəkləmək üçün “Təbrizin sehrli nağılları”nı bu Beynəlxalq Mərkəzə bağışlayıb. Mərkəz yarandığı 2012-ci ildən etibarən ümumilikdə 90-dan çox ölkəni təmsil edən 3000 nəfər iştirakçı müxtəlif konfrans, forum, seminar və iclaslarda iştirak edib. Bunun sayəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünya liderlərinin öz dəyərli təcrübə və biliklərini bölüşməsi üçün bir foruma çevrilib. Sayı 100 nəfərdən çox olan indiki və sabiq dövlət və hökumət başçıları bu Beynəlxalq Mərkəzin fəaliyyətində iştirak edirlər. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 2019-cu il noyabrın 27-də Romada təşkil etdiyi “Zorakılıqdan azad: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində sülh, təhlükəsizlik və münaqişələrin qarşısının alınması” beynəlxalq tədbiri çərçivəsində Vatikanda Papa Fransisk ilə görüş zamanı Roma Papası bu Mərkəzin XII əsrin böyük şairinin adını daşımasından ilhamlanaraq “dialoq və qarşılıqlı ehtiram yolu ilə sülhü təşviq etmək məqsədilə günümüzün əsas problemlərini həll etmək əzminə” görə Nizami Gəncəvi Mərkəzinə təşəkkürünü bildirib. Bu görüş münasibətilə Nizami Gəncəvi Mərkəzi Roma Papası Fransiskə “Təbrizin sehrli nağılları” kitabını hədiyyə edib. Kitabdakı hekayələr funksional və inklüziv cəmiyyətlərin qurulmasına gözəl nümunədir. Noyabrın 29-da Romada, İtaliya Senatında daha bir yüksək səviyyəli görüş keçirilib. Həmin görüşdə İtaliya Prezidenti Serco Mattarella bu beynəlxalq tədbirin iştirakçılarından ibarət nümayəndə heyətini qəbul edib. Görüş əsnasında “Təbrizin sehrli nağılları” kitabı Prezident Serco Mattarellaya qiymətli hədiyyə olaraq təqdim edilib. 2020-ci ilin yanvar ayında Nizami Gəncəvi Mərkəzinin keçirdiyi beynəlxalq tədbirlər və görüşlər zamanı da inklüziv cəmiyyətlərin qurulmasına nümunə olan “Təbrizin sehrli nağılları” kitabı qiymətli hədiyyə kimi təqdim olunub. Beləliklə, Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyas, Andorranın Baş Naziri Xavier Espot Zamora və Nobel mükafatı laureatı, uşaq hüquqlarını müdafiə edən fondun və digər ictimai fəaliyyətlə məşğul olan təşkilatların yaradıcısı hindistanlı Kailaş Satyarthi də “Təbrizin sehrli nağılları” ilə tanış olublar.
“Təbrizin sehrli nağılları” kitabının hədiyyə olunduğu məşhurlar sırasında BP-nin Baş İcraçı Direktoru Robert Dadli, OPEC-in Baş katibi Məhəmməd Barkindo, dünya şöhrətli fotoqraf Reza, BMT-nin sülh elçisi, tanınmış musiqiçi və bəstəkar Sami Yusuf, Xəzərin fatehi, Azərbaycan neft sənayesinin canlı əfsanəsi Xoşbəxt Yusifzadə, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rəfael Hüseynov və bir çox digər adlı-sanlı insanlar da var. BP-nin bu təşəbbüsü dəstəkləyən layihə rəhbəri olaraq, Azərbaycanın qədim miniatür sənəti barədə dünya ictimaiyyətinin məlumatını artıran “Təbrizin sehrli nağılları” kitabının nəşrinə etdiyimiz yardıma görə fəxr edirik. Azərbaycan, şübhəsiz ki, dünyanın ən tolerant cəmiyyətlərinin ön sırasında yer alır. Zəngin mədəni irsə sahib olan bu kiçik ölkə etnik və dini tolerantlığın nümunəsidir, öz hüdudları daxilində müxtəlif və bənzərsiz etnik qrupları birləşdirən çoxmillətli bir dövlətdir. Bu gün Azərbaycan firavan bir cəmiyyətin qurulması istiqamətində çox böyük addımlar atır. Onun zəngin mədəni irsi multikulturalizm dəyərlərini uğurla təbliğ edən etnik və dini tolerantlıq nümunəsi kimi qiymətləndirilir. Azərbaycanın mədəni irsi UNESKO-nun dünya üzrə şah əsərlərinin fəxri siyahısında yer alır. Ortaq irsimizi və kimliyimizi dəstəkləyən, cəmiyyətdə və dünyada təqdir olunan müsbət dəyişikliklərlə nəticələnmiş bu mədəni irs təşəbbüslərinin həyata keçirilməsində iştirak etdiyim üçün qürur hissi duyuram.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 106 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed