Şrift:
Erməni “qara arxeologiyasının” qarşısı alına bilər
22.09.2012 [13:23] - Sosial
Artıq bir neçə gündür ki, Dağlıq Qarabağın işğal altında olan Xocavənd rayonunda erməni arxeoloqların apardıqları qazıntılar və tapdıqları qədim maddi-mədəniyyət nümqnələri barədə müxtəlif sayt və KİV-lərdə məlumatlar yayılmaqdadır.

Hər yay mövsümndə İrəvan Universitetinin kulturologiya kafedrasının rəhbəri Hamlet Petrosyan, erməni arxeoloqu Qagik Sərkisyan, antropoloq və genetik Levon Yepiskoposyan və bu qəbildən olanlar işğal altındakı Azərbaycan torpaqlarının canına daraşıb “arxeoloji qazıntılar” adı ilə milli mədəni abidələrimizi erməniləşdirməklə, dağıtmaqla və talan etməklə məşğuldurlar. Onlar beynəlxalq erməni fondlarından maliyyələşdirilərək “arxeoloji ekspedisiyalar” təşkil edirlər. Təəssüfedici haldır ki, işğal altındakı Dağlıq Qarabağda saxtakar erməni “alimindən” və acından ölən 5-6 nəfər erməni fəhləsindən ibarət bu cür üzdəniraq “arxeoloji ekspedisiyalara” artıq xarici dövlətlərdən qoşulan tədqiqatçılar da vardır.
Azərbaycan qanunvericiliyi ilə ölkə ərazisində arxeoloji qazıntılar aparmaq üçün xüsusi təsisatlar, ilk növbədə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ekspedisiyalar təşkil edə bilər. Arxeoloji ekspedisiyanın fəaliyyəti üçün müvafiq mərkəzi və yerli dövlət strukturlarının razılığı və dəstəyi də tələb olunur. Bütün bunlardan kənarda olan, heç bir rəsmi dövlət strukturunun sanksiyasına malik olmayan istənilən məqsədli qazıntı artıq qeyri-qanuni sayılır və cinayət məsuliyyəti yükü daşıyır.
Hər il müxtəlif dövlətlərdə təşkil olunan arxeoloji konfranslarda arxeoloji abidələrin qanunsuz tədqiq edilməsi, qanunsuz qazıntılar nəticəsində əldə edilmiş artefaktların məhvi və ya “qara bazarda” satışı üçün mənimsənilməsi mövzusuna toxunulur.
Ümumiyyətlə, bildirək ki, maddi abidələrin tədqiqat zonlarında aparılan bu cür qanunsuz qazıntılara “qara arxeologiya” da deyirlər.
Yeri gəlmişkən, Güney Azərbaycandan olan bir ziyalı tanışım mənə bildirmişdi ki, İranda ermənilər işğal altındakı Dağlıq Qarabağın müxtəlif guşələrindən qanunsuz yolla əldə etdikləri müxtəlif əntiq məmulatlarını, artefaktları İranın varlı əntiq kolleksiyaçılarına təklif edirlər. Özü də “qədim ermənilərin sənət əsərləri” kimi saxta ad altında. Əgər ermənilər bunu İranda edirlərsə, görünür, Avropa və Amerika ölkələrində və Rusiyada da Azərbaycan Dövlətindən və Xalqından talan etdikləri əntiq mallarını satmaqda heç bir çətinlik çəkmirlər.
Bu gün işğal altında olan ərazilərimiz ermənilərin törətdiyi “qara arxeologiya” ilə üzləşmişdir. Erməni “qara arxeoloqlarının” digər ölkələrdəki cinayətkar həmkarlarından fərqi odur ki, onlar Azərbaycan Dövlətinin və Xalqının tarixi sərvətlərini nəinki “qara bazarda” satmaq üçün mənimsəyirlər, həmçinin, saxtalaşdırmalar apararaq abidələrimizi ermənilərin adına yozmağa çalışırlar. Erməni KİV-ləri işğal altındakı Qarabağ torpaqlarımızdan qanunsuz yolla əldə etdikləri abidələrin, artefaktların İrəvana gətirildiyini belə, açıq-aşkar, çəkinmədən bildirirlər. Hətta erməni “qara arxeoloqlarının” həyasızlığı o həddə çatıb ki, onlar talançı qazıntıları barədə erməni və əcnəbi KİV-lərə məmnunluqla müsahibələr belə, verirlər.
Beləliklə, işğal altındakı torpaqlarımızın həm yeraltı təbii, həm də tarixi sərvətləri ermənilər tərəfdən talanmaqdadır. Bu Dövlətimiz və Millətimiz üçün çox acınacaqlı haldır…
Əlbəttə, demək olmaz ki, bunun qarşısını almaq mümkün deyil. Bu yöndə işlər görülməkdədir. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu işğal altındakı torpaqlarımızda qalmış tarixi abidələrimiz, erməni “qara arxeologiyası” barədə həqiqətləri dünyaya tanıtmaqdadır. Dövlətimizin digər orqanları da bu istiqamətdə iş aparırlar.
Bu istiqamətdə aşağıdakı təkliflər də əhəmiyyətli hesab edirəm:
1) Müvafiq dövlət və elm dairələrimiz beynəlxalq və digər ölkələrin milli qurumlarını Qarabağdakı erməni “qara arxeologiyası” və erməni “qara arxeoloqları” barədə daim məlumatlandırmalıdırlar. Bunun üçün əcnəbi dillərdə olan KİV-lərdən istifadə oluna bilər və ya xüsusi, KİV-in yaradılması da məqbuldur;
2) İstənilən ölkədə və beynəlxalq səviyyədə tarixi-arxeoloji tədbirlərin (konfransların, simpoziumların və s.) keçirilməsini planlayan əcnəbi və beynəlxalq təşkilat komitələrinə işğal edilmiş Azərbaycan torpaqlarında qanunsuz qazıntılar aparan erməni “apxeoloqlarının” siyahısı göndərilməlidir və bildirilməlidir ki, bu çeşiddən olan “qara arxeoloqların” tədbirə dəvəti həmin tədbirin ciddiliyinə, mötəbərliyinə və imicinə ciddi zərbə olacaqdır;
3) İşğal altındakı torpaqlarımızda qanunsuz və talançı qazıntılar aparan istər erməni, istərsə də hər hansı əcnəbi “arxeoloq” barədə Azərbaycan qanunvericiliyinə uyğun cinayət işi qaldırılmalı və cinayətkarın yaxalanması üçün İnterpol xətti ilə beynəlxalq axtarış elan edilməlidir.

Pərviz Qasımov
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun doktorantı
“Millətçilik” qəzeti
Bu xəbər oxucular tərəfindən 1356 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed