Şrift:
Rusiyalı politoloqdan Qarabağ ermənilərinə xəbərdarlıq.
24.09.2012 [11:07] - Siyasət
“Əgər İlham Əliyev korrupsiya ilə mübarizə apara bilsə, vəziyyətiniz dramatik olacaq”

Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü, strategiyaların və texnologiyaların təhlili Mərkəzinin direktoru Ruslan Puxova görə, Azərbaycan hakimiyyəti ölkədəki korrupsiya ilə mübarizə apara bilsə, Dağlıq Qarabağ erməniləri üçün situasiya dramatik olacaq. “Regnum” agentliyinə müsahibəsində rusiyalı şərhçi deyib ki, Minsk Qrupu Qarabağ kimi mürəkkəb münaqişəni həll etməyə qadir deyil.

“Ümumiyyətlə, ATƏT özü soyuq müharibənin amorf irsidir və bu təşkilat siyasi baxımdan qeyri-effektivliyini sübut edib. Ora yaxşı maaşla günlərini keçirən bürokratların iş yerinə çevrilib”. R.Puxova görə, Dağlıq Qarabağın müstəqil dövlət olmaq şansları yüksək deyil. Eyni zamanda Azərbaycanın bu ərazilər üzərində öz suverenliyini bərpa etməsi də istisna edilməməlidir. Azərbaycan öz hərbi potensialını sürətlə artırır və hərbi revanşa əl atacağı ehtimalı yüksəkdir. Puxova görə, danışıqlarda Dağlıq Qarabağ ətrafındakı rayonlar alver predmetidir və “sülh əvəzində torpaqlar” formulu müzakirə olunur.

Rusiyalı şərhçi qeyd edib ki, Azərbaycan ordusu texniki baxımdan öz potensialını sürətlə artırır. “Lakin o başqa məsələdir ki, texniki baxımdan yaxşı təchiz olunmaqla məsələ bitmir. Bakıda başa düşürlər ki, hərbi-texniki üstünlük onların tərəfində olsa da ermənilərə qalib gəlmək üçün bütün şərtlər formalaşmayıb. Vaxt Azərbaycana işləyir. Demoqrafik balans, maliyyə, iqtisadi və hərbi resurslar Azərbaycanın xeyrinədir. İnsan kapitalının keyfiyyəti də Azərbaycanda mərhələlərlə artır. Əgər prezident İlham Əliyev əsasən korrupsiya ilə mübarizə hesabına dövlətin effektivliyini yüksəldə bilsə, o zaman Qarabağ üçün situasiya dramatik olacaq”, deyə Puxov bildirib. Ekspertə görə, Ermənistan Rusiyaya və KTMT-yə də ümid bəsləməməlidir. Çünki Rusiya münaqişənin alovlanmasında maraqlı deyil və müharibə başlasa, çətin seçim qarşısında qala bilər.

Vaxtilə ötən əsrin 80-ci illərinin sonlarında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə İrəvanda mitinqlər təşkil edən bədnam “Qarabağ” komitəsinin qurucularından biri, prezidentliyi dövründə Levon Ter-Petrosyanın milli təhlükəsizlik müşaviri olmuş Aşot Manuçaryan da ermənilərin vəziyyətinin ürəkaçan olmadığını deyib. O, Ermənistanda sentyabrın 21-də qeyd olunan müstəqillik günü ilə bağlı çıxışında deyib ki, müstəqilliyin adı var, özü yoxdur: “21 il əvvəl bizdə Müstəqillik Günü bayramı yox idi, ancaq müstəqilliyimiz var idi. Bu gün bizdə bayram var, ancaq müstəqillik yoxdur. Ermənistan öz siyasətində və qərarlarında tamamilə xarici güclərdən asılıdır”. O deyib ki, Ermənistanın müstəqilliyi dövründə qazandığı yeganə nailiyyət 90-cı illərin əvvəllərində Qarabağ məsələsindəki uğur olub. Ancaq bu uğuru möhkəmləndirə bilməyib. “Ermənistan Azərbaycanın böyük miqdarda silah almasını oturub gözləyə bilməz. O da silahlanmalıdır. Beynəlxalq siyasi balans, KTMT-yə üzvlük, bütün bunlar xarici amillərdir. Ermənistan Rusiyaya arxalanmalı deyil, çünki Rusiyanın özündə vəziyyət elədir ki, bu gün-sabah çaxnaşmalar başlaya, o zaman Ermənistanın təhlükəsizliyini təmin etmək iqtidarında olmaya bilər”, deyə Manuçaryan bildirib.

Fərhad MƏMMƏDOV
Bu xəbər oxucular tərəfindən 1064 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed