Şrift:
Telli sazın ruhunu bilənlər
16.02.2020 [10:32] - Müsahibə
Nazim Əsədoğlu ilə müsahibədən...
(qısaldılmış)

Nazim Əfəndi,İncə şairlərindən Ağamalı bəyin, Akif Səmədin, Məmməd İlqarın, M.Dəmirçioğlunun və digərlərinin şeirləri sənin ifanda saza daha yaxşı qovuşur . Bu nədən irəli gəlir, onlarla dostluğundanmı yoxsa şeiri yaxşi bilməyindənmi? Mütaliəli olduğundanmı?

--Mən zarafatı sevən adamam . Əslinə baxsan Məmməd İlqarın şeirlərinin çoxu özümündü , mən yazmışam, amma onun adına vermişəm, özü bilir, özündən soruş bir, sadəcə ikimizin arasında özümüz bilirik, ona görə o şeirlər mənə çox doğmadı.

--Hə, eləmi, bax bunu bilmirdim, olarmı 5-6 şeir də mənə yazıb verəsən, elə öz aramızdaca qala .

--Yooox, onun haqq-hesabı ayrıdı.Bə Məmməd nəyin kasıbıdı, elə bütün varı –yoxu məndən şeir almağa getmiyifmi?

--Bəs indi niyə yazıb vermirsən?

--Hesabını yaxşı vermir,onçun.

--Mən beləcə də yazacam ha, Məmməd İlqarın imicinə xələl gəLməzmi?

-- Gəler,cəhənnəmə gəlsin. Məmməd İlqar durormu ki?

--Bu sualı yaman cox verirsən? Mən sizə gələndən iki-üç dəfə soruşubsan? Yaman xətrimə dəyirsən, pis oluram, haa. Məmməd İlqara bir şey olsa, məsələn mən, elə bilərəm dünyanın bir tərəfi uçub. Niyə belə deyirsən?

--Çox istədiyimdəndi. Özü də mən kimi çox isterəm, o tez ölür, Ağamalıyı isterdim, öldü, Akifi isterdim, öldü. İndi əldə qalan bircə bunlardı.(Məmmədləri nəzərdə tutur. Bir il sonra elə Məmməd Dəmirçioğlu da dünyasını dəyişdi –red.)

--Əldə qalan bunlardı, özün də hey deyirsən durorlarmı hələ?

--Bə nağarem,soruşoram, görüm durollarmı? Birdən ölüb ellərlər.

--Bunlara bir şey olsa necə olar Nazimin əhvalı?

--Xeyli çətin olar,amma dözməliyəm nağarem. Allahla Allahlıqmı edəcəm?

--Məmməd İlqara yaman sataşırsan, ha?

--Allah məni Məmməd İqardan qabaq öldürsün.Ona bir şey olsa, Allah eləməmiş kimi, yaşayammaram, ölərəm...(kövrəlir)

-- Məmməd İlqarla necə dostsan?

--Mən Məmməd İlqarla eyni qoyunun əmcəyindən süd əmmişəm.Bir əmcəyindən o əmib, bir əmcəyindən mən.Havamız bir, suyumuz bir.

--İtən itkilərin agrısını necə çəkir Nazim Əfəndi?

--Vallah onlar məndən yaxşı yaşayırlar bəlkə də.Kim deyir ki , onlar ölüb? Şeirləri biznən, sözləri biznən, adları biznən.O dünyada da ki, yəqin ki, cənnətdədirlər.

--Ağamalıynan, Akifnən bağlı nə deyə bilərsən? Kimiydilər səndən ötrü?

--İkisi də doğmaydı ,əziziydi mənə, ikisini də çox istəyirdim. Ağamalı mamam oğluydu, Akif də ki, çox yaxın idi mənə. Şəkillərinə baxersanmı, ikisini də yanaşı vurmuşam. Akif Səmədi çox istəyirdim, amma Ağamalı evimin bir üzvüydü sanki...

--Akif Səmədlə birgə yazılmış bir lent yazınız da var. Çox qeyri-adi oxumusan orda.İndi ha əlləşsən də elə oxuyammazsan. Çox eşqili bir oxudu. O vaxt hamı çalışırdı ki, bax elə--Nazim kimi oxusun.

--O da görünür Akifin təsirindəniymiş, indi Akif kimi oğullar, Akif kimi şairlər nə gəzer ki.Elə eşqim,elə şövqüm ancaq Akifin təsirindəniydi, Akif kimi oğul olsa Nazim kimi aşıq olmağa nə var ki. Akif kimi yol yoldaşım olsaydı bəlkə də mən kim olardım, harda olardım, indi yol yoldaşlarım qalmayıb elə də...

--Kim olub sənin yol yoldaşların?

--Ağamalı Sadiq.

--Akifnən yolçuluğun necə?

--İkimizi birləşdirən bircə şey varıydı, o da arağıydı.

--Təkcə arağıydı yoxsa ortada ruh da varıydı?

--Yox, ruh varıydı, saz varıydı, söz varıydı, çulğalaşerdik. Amma bir-birimizi görəndə birinci araq yadımıza düşürdü.

--Onların itkisinə dözə bilirsənmi?

--Vallah, onların beş-üç seiri mənnən yaşayırsa, fiziki ölümləri mənim üçün elə dərd deyil. Məmməd Dəmirçioğlunu bir ilə yaxındı mən görmürəm, məsələn, öldü nədi, qaldı nədi, birdi məndən ötrü, ruhən mənnəndi həmişə.Qalsa, düzdü daha yaxşı olar,öləndə də öləjək nağarem.

--Sizin bu zarafatınızdan yəqin incimir dostlarınız, qəbul edirlər,eləmi?

--Qəbul eləmif nağarajaxlar.Dəliyə kim qoşulajax ki?...

--Niyə sənin alğışın qarğışnan olur,Nazim? Ən çox kimə söyürsən?

--O, obyektinə baxer.Məsələn, Dəmirçioğlunun anasına söyörəm.Qırağın anasına söysəm vurub başımı yararlar, özümünküdü deyə söyürəm. Bir dəfə oğlu Daşqın bunu eşitdi, hirsləndi, qardaşı Tahir də acığı tutdu,dedim --siz kimsiniz ayə, mən Dəmirçioğlunun payına söyürəm.

--Dostların səni zarafatına görə axtarırlar, yoxsa sazına görə?

--O da obyektinə baxer. Eləsi var zarafatımı sevir, eləsi var sazımı sevir. Amma ən çox sazıma görə gəlerlər.Söyüncə kim gələr ki?

--Boş vaxtlarında ən çox oxuduğun, zümzümə etdiyin şeir hansı şeirdi ki, heç dilindən düşmür, elə hey oxuyursan?

Ətək çiçəklidi, zirvə qarlıdı,
Burda zimistanla yaz qoşalaşıb.
Bir gözəl xəlvəti aşıb bələni,
Bulağın başında iz qoşalaşıb.
Ağamalının şeirni oxuyuram ən çox...

--Hansı hava üstə oxuyursan bu sözləri?

--Cəlili üstə.

--Elə bil Ağamalıdan danışanda gözlərin yaşarır axı?

--...sükut... özümdən asılı deyil...(kövrəlir)....

--Sənin şairin kimdi?

--Məmməd İlqar. Yazıçı kimi isə Mövlud Süleymanlı.

--Ən yaxın dostların kimdi?

-- O vaxtlar, Allah rəhmət eləsin, Əbülfəz Elçibəy idi, Ağamal Sadiq, Akif Səməd idi, indinin özündə də Məmməd Dəmirçioğludu,Məmməd İlqardı, İlham müəllimdi (müdüirim dana həm də kopoğlu) Ayvaz doxtur, bir də xalan oğlu Xəlil...

--Qoy görək onda dostun nə deyir səndən?

--Nazim nətəri oğlandı,Xəlil?

--Başı batsın, bunun nəyindən yazı yazersən? O vaxtlar olsaydı yenə olardı...

Yaxşı vəzifələrdə işləyib, dağlarda olub, yaxşı pul xərcləyən,yeyib- içən olub, amma indisindən danışma...Nə yaşayıb mənim hesavıma yaşayıb.Dağlarda buna plan doldurmuşuq...

--İndisindən niyə danışmayaq ki?

--Çünki indi dəlidi. Daha haman oğlan deyil.

--Hə, düz deyir, elə bir şeirim də var “Mən haman oğlanam, a dağ yolları”, sonra da Məmməd İlqara verdim...(gülürük)

--Söhbətimizin bu məqamında səni sevənlərə , sənə bu sayğını göstərən dostlarına sözün, ismarıcın, ya söyüşün?

--Hamısına bircə arzum var; həməşə ayaqları qurşağa qədər ana torpaqda olsun, başları da buludlara dəysin

--Sonra?

-- Sonra,Məmməd İlqar məndən bircə gün sonra ölsün.

--Bircə gün qabaq olsa nə olar ki?

--Yox, ona dözəmmərəm.(yazıxcasına)

--Onda belə çıxır ki, ən sevdiyin adam Məmməd İlqardı?

--Nə zivildi Məmməd İlqar,Həmid Ormanlı yaxşıdı.

--Bunu yazı xatirinə dedin eləmi?

- Yox, ürəyim belə istədi.Həmidə bir də onu demək istəyirəm ki, çalışsın, vuruşsun məni kimi kişi olsun.

--Bəs nətəri,əvvəlində deyirdin ki, mənnən Həmid kimi oğul olmaz?

--Yox, oğul ayrıdı, kişi ayrı.

--Sonda bizə hansı havanı çalarsan?

--Hansı havanı istersən, onu.
Aldı görək “Cəlili” üstə...

--Mən gəlirdim Tufarqanın elindən,
Yolum düşdü obasına Pərimin...
Saz güllənir, söz bəllənir, Nazim dillənir, Nazim oxuyur, Nazim yol gəlir Tufarqanın elindən, Nazim yol gəlir Yunis İmrədən, Qaracaoğlandan, Abbasdan,Qurbanidən üzü bəri...Nazim oxuyur... Hansı məqamlardayam, hansı mərtəbələrdəyəm bilmirəm, Nazim oxuyur...Kimsə, hardansa Məmməd İlqar səsinnən Nazimə yazdığı şeiri pıçıldayır sanki...
Bəlkə də çatırdı səsi Tanrıya,
Yenə tapşırırdı bizi Tanrıya,
Elə oxuyurdu üzü Tanrıya--
Deyərdin, kəsilmiş baş oxuyurdu...
Ərənlər dəymirdi gözünə boy-boy
Mələklər çırpırdı dizinə-- boy...boy...
Özü baş daşıydı özünə boy,boy-
Baxıb məzarına daş oxuyurdu...
Nazim oxuyurdu...

Həmsöhbət: Çiçək Mahmudqızı
Bu xəbər oxucular tərəfindən 578 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed