Şrift:
Rəsmi Bakı Kremldən niyə izahat istəmir?
24.09.2012 [11:43] - Gündəm, Siyasət
Ekspertlər Almaniya qəzetindəki xəbərin ciddiliyinə inanır, diplomatlarımız isə susur...

Xəbər verildiyi kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adı altında Rusiya Ermənistanda sentyabrın 15-dən 19-dək hərbi təlim keçirib. Təlimlərdə Rusiyanın İvanovo vilayətində dislokasiya olunmuş 98-ci qvardiya-desant diviziyasının bir batalyonu da iştirak edib. Almaniyanın “Tagesspiegel” qəzeti isə Ermənistanda başa çatan KTMT təlimləri ilə bağlı üç gün öncə ilginc məlumat yayıb.

Alman qəzetinin yazdığına görə, təlimlər təkcə Ermənistanı yox, Azərbaycan ərazisi kimi tanınan Dağlıq Qarabağı da əhatə edib. Müəllif Elke Vendişin yazdığına görə, Qərb ölkələri Ermənistandakı KTMT təlimləri və onunla eyni vaxtda başlayan “Qafqaz-2012" təlimləri ilə bağlı ən azından narahatlıq keçiriblər. Bildirilir ki, Gürcüstan rəhbərliyi bu təlimlərin bütün region üçün təhdid olduğunu düşünür. ”Narahatlıq üçün əsas isə doğrudan da var. Təlimlər təkcə Ermənistan ərazisində deyil, eyni zamanda rəsmən Azərbaycan ərazisi kimi tanınan Dağlıq Qarabağda da keçirilib. Əvvəlcə Rusiya rəhbərliyi Cənubi Osetiya və Abxaziyanı da təlimlər zonasına daxil etmək istəyirdi. Lakin Qərb ölkələrinin təzyiqləri qarşısında bundan imtina etdi", deyə qəzet Gürcüstan rəhbərliyindəki qaynaqlara istinadən yazıb. Maraqlıdır ki, Almaniya qəzetinin bu xəbəri yaymasından üç gün keçsə də rəsmi Bakı məsələyə dair hər hansı fikir ifadə etməyib.

Ekspertlər hesab edir ki, rəsmi Bakı istər bir batalyon rus desantının Ermənistana atılması, istərsə də təlimlərin Qarabağı da əhatə etməsi ilə bağlı Moskvadan izahat tələb etməlidir.

“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu öncə bildirdi ki, bu məlumat Almaniyanın ciddi KİV-lərindən birində yayılıb. Ona görə də Azərbaycan hakimiyyəti məsələni ciddiyə almalı və ilk növbədə Rusiyadan izahat istənilməlidir: “Diqqət edirsinizsə, bu məlumatın yayılmasından üç gün keçir, lakin Rusiya onu təkzib etməyib. Uzağı bir gün də gözləmək olar. Təkzib olmasa, Azərbaycan hakimiyyəti hərəkətə keçməlidir. Rusiyadan izahat istənilməlidir. Qarabağda Rusiyanın hərbi təlimlər keçirməsi Azərbaycana təzyiqdir. Rusiya artıq Azərbaycanı açıq-aşkar təhdid eləməklə məşğuldur. Azərbaycan öz təhlükəsizliyini qarantiyaya almalıdır. Azərbaycan NATO ilə birbaşa əməkdaşlığı genişləndirməlidir. Rəsmi Bakının susqunluq nümayiş etdirməsi anlaşılan deyil”.

Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri bildirdi ki, KTMT-dən kənarda olan Azərbaycanın ərazisində Rusiyanın və Ermənistanın hərbi təlimlər keçirməsi beynəlxalq hüquqa ziddir: “Bu hadisə Azərbaycan tərəfindən tam dəqiqləşdirilməli və sübuta yetiriləcəyi halda şiddətlə qınanmalı, çox kəskin etiraz bildirilməli idi. KTMT adı altında Rusiyanın Azərbaycan ərazisi olan Qarabağda hərbi təlimlər keçirməsi təsdiq olunarsa, bu, Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü pozan və təhlükəsizliyini təhdid edən davranış kimi qiymətləndirilməlidir. Rusiyanın Xarici İşlər Nazirliyinə nota verilməlidir. Yayılan məlumat doğrudursa, bu hərbi təlim iki dövlətin keçirdiyi tədbir kimi qiymətləndirilməlidir”.

N.Miri hesab edir ki, rəsmi Bakının alman qəzetinin yaydığı məlumatla bağlı hələ ortaya mövqe qoymaması rəsmi dəqiqləşdirmələr aparılması ilə bağlı ola bilər: “Görünür, Azərbaycan tərəfi bu məlumatı konkret kəşfiyyat məlumatları ilə təsdiq etmək istəyindədir. Çünki bu məsələni beynəlxalq səviyyəyə qaldırmaq, BMT-nin Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarmaq üçün əldə hüquqi faktlar olmalıdır. Yox, əgər hər hansı araşdırma aparılmırsa və Azərbaycanda bu məsələyə susqunluq davam edəcəksə, qətiyyən doğru davranış olmayacaq. Çünki bu cür susqunluq Ermənistanın və Rusiyanın gələcəkdə Azərbaycana qarşı bundan da ötə davranışlarına rəvac verə bilər. Ona görə də hesab edirəm ki, çox yaxın günlərdə Azərbaycanın ciddi təpkisini görəcəyik”.

Etibar SEYİDAĞA
Bu xəbər oxucular tərəfindən 1164 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed