Şrift:
“Traxtur”un baş məşqçisi farslara bağlı takımlara hökumətin dəstək verdiyini suçladı
17.02.2020 [21:06] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın başkəndi Təbrizin “Traxtur” futbol takımının baş məqçisi İran adlı ölkənin bütün nazirliklərinin farslara bağlı “İstiqlal”, “Perspolis” və “Sepahan” komandalarına dəstək verməsini tənqid edib. Baş məşqçi Sakit İlhami bu barədə Səhənd kanalının “Moc-i futbol” verilişində danışıb: “Çempion olmaq üçün sadəcə oynamaq və texniki məsələlər yetmir. Hamı bilir ki, xüsusi komandaların arxasında bir neçə nazirlik dayanır. Milli takımın baş məşqçi postuna gətirilməsi gündəmdə olan bir mütəxəssisin “Perspolis”ə cəlb olunması, həm də hansısa takımın baş məşqçisini uzaqlaşmaq istərkən onu saxlamaq üçün bir neçə nazirliyin hərəkətə keçməsi, müəyyən takımlara dəstək verildiyini göstərir. Futbol Federasiyası Gənclər və İdman Nazirliyinə bağlıdır, Hakimlər Komitəsi isə federasiyaya bağlıdır. Bu o deməkdir ki, bütün bu orqanlar bir-biri ilə əlaqəlidir. “Sepahan”ın xüsusi şəraiti var. Federasiyada müəyyən şəxslər var ki, bu komandaya dəstək verir. Bütün bunlar bir sıra şübhələrə səbəb olur. Bizim komandamızın arxasında isə tərəfdarlardan ibarət böyük bir qrup var.”
“Traxtur” tərəfdarlarını aşiq adlandıran baş məşqçi əlavə edib ki: “Mənim fəaliyyət göstərdiyim “İstiqlal”, “Mis” və “Əbumüslim” kimi takımların özlərinin tərəfdarları var idi. Lakin “Traxtur” fərqlidir. Əslində “Traxtur” takım deyil, Güney Azərbaycanın mədəniyyətidir. Siz hansı evə getsəniz “Traxtur” takımının loqosunu görərsiniz. “Traxtur” qalib gəldiyi zaman cəmiyyətdə nə qədər sevinc yaşandığını görürsünüz. Şübhəsiz ki, mən Təbrizdən danışıram. Lakin əminəm ki, türklərin yaşadığı digər şəhərlərdə də vəziyyət belədir”.
Qeyd edək ki, Tehranın “Perspolis” və “İstiqlal” takımları fars şovinistlərinin simvoluna çevrilib. Hökumətin dəstək verdiyi takımların bütün görüşlərində “Traxtur” takımı və mənsub olduğu Türk milləti kobud şəkildə aşağılanır. Rejimin sistemli şəkildə yol verilən təhqirlərə səssiz qalması vaxtaşırı soydaşlarımızın kəskin etirazı ilə qarşılanıb. Lakin bu istiqamətdə hər hansı addım atılmayıb.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 348 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed