Şrift:
Stolüstü tennisçilərimiz Latviyadakı beynəlxalq turnirdə uğurla çıxış ediblər
18.02.2020 [07:34] - İdman
Latviyada stolüstü tennis üzrə Riqa gənclər kuboku uğrunda beynəlxalq turnir keçirilib. Avropanın 17 ölkəsindən 350 idmançının qatıldığı yarışda Azərbaycanı üç yaş kateqoriyasında altı idmançı təmsil edib. Azərbaycan Stolüstü Tennis Federasiyasından bildiriblər ki, yarışda komandamız uğurla çıxış edərək 2 qızıl və 2 bürünc medal qazanıb. Turnirdə 2008-ci il və daha kiçik təvəllüdlü idmançıların mübarizəsində Adil Əhmədzadə birinci yeri tutub. Ölkəmizi iki yaş qrupunda qızların yarışında təmsil edən Mərziyyə Nürmətova isə 2008-ci il və daha kiçik təvəllüdlü idmançıların mübarizəsində qızıl medala, 2005-2007-ci il təvəllüdlülərin yarışında isə bürünc medala layiq görülüb. Komandamızın daha bir üzvü - Hüseyn Eylazov 2005-2007-ci il təvəllüdlülərin yarışında bürünc medal əldə edib.
Qeyd edək ki, stolüstü tennisçilərimiz fevralın 3-dən 8-dək Çexiyanın Ostrava şəhərində Avropa Stolüstü Tennis Birliyinin “Eurotalents U-13” layihəsi çərçivəsində beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər. Bu toplanışlarda idmançılarımızın qazandıqları təcrübə müxtəlif yarışlarda uğurla çıxış etmək üçün geniş imkanlar yaradır.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 30 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed