Şrift:
Azərbaycan Avropanın aparıcı dəmir yolu şirkətləri ilə əlaqələri genişləndirir
19.02.2020 [11:27] - İqtisadiyyat
“Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndə heyəti Slovakiyada səfərdədir. Qurumun sədr müavini İqbal Hüseynov, Avropadakı nümayəndəsi Fərəc Haqverdiyev və “ADY Konteyner” şirkətinin direktoru Natiq Cəfərovdan ibarət nümayəndə heyəti Mərkəzi Avropanın aparıcı dəmir yolu və logistika şirkəti olan “Metrans”ın rəhbərliyi ilə görüş keçirərək qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb. “ADY Konteyner”dən bildirilib ki, “Metrans” Hamburq limanını idarə edən Almaniyanın “HHLA” nəqliyyat və logistika şirkətinə məxsusdur. Görüşdə “Metrans”ı icraçı direktor Peter Kiss, şirkətin biznesin inkişafı üzrə səlahiyyətli nümayəndələri Martin Koubek və Stefan Esztergalyos təmsil ediblər.
“Metrans” konteynerlə yükdaşımalar və logistika xidməti göstərən beynəlxalq intermodal dəmir yolu şirkətidir. İyirmi beş ildən çox tarixə malik olan bu şirkət Avropanın ən böyük dəmir yolu və terminal şəbəkəsinə malikdir. Şirkət Avropa qitəsində əsasən, Çexiya, Slovakiya, Macarıstan, Almaniya, Niderland, Avstriya, Belçika, Sloveniya, Polşa və İtaliya ərazisində dəmir yolu ilə yükdaşıma, həmçinin Almaniya, Niderland, İtaliya və Xorvatiya limanlarından konteyner yüklərinin Avropa qitəsinin daxilində nəql olunması xidmətləri göstərir. Görüşdə “Metrans” və “Azərbaycan Dəmir Yolları” QSC arasında əməkdaşlıq məsələləri müzakirə edilib. İ.Hüseynov ölkəmizdə dəmir yolu ilə yükdaşımaların həcminin artırılması istiqamətində aparılan islahatlar, “ADY Konteyner” şirkətinin direktoru Natiq Cəfərov isə Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti barədə ətraflı məlumat verib.
Qeyd edək ki, Avropanın aparıcı dəmir yolu və logistika şirkətləri ilə əməkdaşlıq Azərbaycandan tranzitlə keçməklə qitədən Orta Asiya və Çinə, həmçinin əks istiqamətdə konteyner daşımalarının həcminin artırılmasına təkan verəcək.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 48 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed