Şrift:
Seymur Həsənli: "Türkiyənin bölgədə rolunu artırmaq sərhədlərin açılması ilə mümkün olası bir şey deyil."
25.09.2012 [11:51] - Xəbərlər, Siyasət
SSRİ dövrü deyil ki, insanları müəyyən sərhəd çərçivəsinə salıb dünyadan təcrid edəsən və sərhədin digər tərəfindən nələr baş verdiyindən məhrum edəsən.

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə “Bizim yol” qəzetinə müsahibəsində ictimai rəyin ciddi müqavimət göstərdiyi bir ideyanı yenidən gündəmə gətirib. İ. Ağazadə deyib ki, Ankaranın Cənubi Qafqaza girə bilməsi üçün Türkiyə-Ermənistan sərhədləri açılmalıdır ki, İrəvanı Moskvanın caynağından qurtarmaq mümkün olsun. Ümid Partiyası sədrinin bu fikirləri isə kəsgin reaksiya doğurub. Məsələyə münasibət bildirən qeyd edirlər ki, sərhədlərin açılması Ermənistanın gücünü daha da artıra bilər.

Milli Dirçəliş Hərəkatı Partiyası sədrinin müavini Seymur Həsənli deyir ki, Türkiyənin-Ermənistanla sərhədlərini bağlaması təsadüfən baş verməyib. Əsas məsələ Qarabağ torpaqlarının işğalıdır və yeganə qoyulan tələb də bu işğalçıların ərazilərimizdən çıxmasıdır. Bu xətti yürütməklə Azərbaycan və Türkiyə təcrid siyasətini aparırlar. Onun sözlərinə görə, bu gün Türkiyə Ermənistan sərhəddinin bağlı olması işğalçı ölkə iqtisadiyyatını çətin vəziyyətə qoyub. Ancaq İran sayəsində ayaq üstə duran Ermənistanın xarici havadarları Türkiyəni bu məsələyə görə sıxması başa düşülən deyil: “İran adlı qonşumuz bu siyasətə qoşulmayıb. Dünyada belə təcrid siyasətləri və müxtəlif embarqoların qoyulması mövcuddur. Qərb dövlətləri isə illərdir ki, Türkiyə qarşısında qoyduğu tələblərdən biri də Ermənistanla sərhədlərin açılmasıdır. Bu gün Azərbaycandan belə bir fikrin səslənməsini birmənalı olaraq qəbul etmək mümkünsüzdür. Hər şeydən öncə sərhədlər görüntü olaraq, daha doğrusu rəsmi olaraq bağlanıb. Türkiyənin mövcud hakimiyyəti dəfələrlə bəyan edib ki, iki yüz mindən yuxarı erməni öz qazancını Türkiyədə işləməklə qarşılayır. Yəni ermənilər sərbəst şəkildə Türkiyəyə gedib istədikləri fəaliyyətlərlə məşğul olurlar. Dünya informasiya əsrini yaşayır. Ermənilər Türkiyəni də, Rusiyanı da, ABŞ-ı da yaxşı görüb təhlil edirlər. Yəni hər hansı sərhədlərin açılmasına ehtiyac yoxdur. SSRİ dövrü deyil ki, insanları müəyyən sərhəd çərçivəsinə salıb dünyadan təcrid edəsən və sərhədin digər tərəfindən nələr baş verdiyindən məhrum edəsən. Türkiyə demir ki, mən sərhədləri açmıram. Ermənilər Türkiyəyə qarşı əsassız iddilarından (1915-ci il Soyqırım uydurmalarından) əl çəksinlər və Qarabağ torpaqlarından işğalçı qoşunlarını çəksinlər və sərhədlər də açılsın. Bu çox normal yanaşmadır. Normal olduğu qədər də inandırıcı deyil. Çünki, ermənilər heç bir zaman bu iddialardan əl çəkən deyillər və İqbal bəyin təklif etdiyi məsələ isə ümumiyyətlə ermənilərin xeyrinə olacaq. Onlar Türkiyə vasitəsilə bir az da güclənib iddilarında daha da möhkəmlənəcəklər. Əgər Türkiyə üçün belə fikir səslənirsə və məqbul sayılırsa, o zaman Azərbaycan da açmalıdır bu məntiqlə sərhədləri”?

S.Həsənli onu da deyib ki, Qarabağ yalnız Azərbaycan torpağı deyil, həm də hər bir türkün torpağıdır: “Nədənsə, İqbal bəy öz açıqlamasında “Cənubi Qafqaz Birliyi yaradılacaq. Bu Birlik Avropa Birliyinin bir modeli olacaq” deyir. Avropa Birliyi modelində yaradılmalı olan Türk Birliyidir. Sadəcə Qərbin istədiyi Türk Birliyi yox, Cənubi Qafqaz birliyidir. Biz isə, Qərbin mövqeyinə görə deyil, öz iradəmizə əsaslanıb davranış nümayiş etdirməliyik. Təbii ki, interqasiya baxımından Qərb (Yaponiya bizdən Şərqdə yerləşsə də) bizim üçün alternativsiz istiqamətdir. Amma Qərb bizim istədiklərimizin yanında olmalıdır (Rusiyanın regiondan çıxarılması, İran və s. məsələlər üçün), biz Qərbin deyil. Türkiyənin bölgədə rolunu artırmaq sərhədlərin açılması ilə mümkün olası bir şey deyil. Nə Qərb, nə də Rusiya Türkiyənin Qarabağ münaqişə məsələsində rol almasını istəmir. Çünki Türkiyəni tərəf kimi qəbul edirlər və bu çox normaldır. Qarabağ yalnız Azərbaycan torpaqları deyil, həm də hər bir türkün torpağıdır, o cümlədən Türkiyə türkünün”.

Ədil Ədilzadə/"Olaylar" qəzeti
Bu xəbər oxucular tərəfindən 1233 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed