Şrift:
Ukraynada Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib
20.02.2020 [13:20] - Diaspor
Ukraynanın Lvov şəhərində Xocalı soyqırımına həsr olunmuş “Bizi eşidin! Dünya uşaqları sülh yolunda!” mövzusunda konfrans təşkil olunub. Lvov Dövlət Daxili İşlər Universitetində keçirilən konfrans Azərbaycanın Ukraynadakı səfirliyi və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) gənclər departamentinin birgə təşkilatçılığı və təşəbbüsü ilə baş tutub. Konfrans Lvov vilayətinin vəzifəli şəxsləri, Azərbaycan səfirliyinin nümayəndələri, tanınmış ictimai-siyasi xadimlər, diasporumuzun, müxtəlif icmaların, yerli KİV-lərin təmsilçiləri və tələbələrin iştirakı ilə keçirilib. Konfransda Lvov Dövlət Daxili İşlər Universitetinin rektoru Roman Blaquta, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, Lvov vilayət administrasiyasının millətlər, dinlər və maliyyə-planlaşdırma şöbəsinin müdiri Lesya Kornat, Lvov şəhər merinin müavini Andrey Moskalenko, UNESCO-nun Ukrayna üzrə nümayəndəsi Kot Mixaylo, ehtiyatda olan general-polkovnik İvan Ploxotnyuk, BUAK gənclər departamentinin sədri Şəhriyar Məhərrəmov, Ukrayna Azərbaycanlıları Radasının katibi Xəyyam Həqiqətoğlu çıxış ediblər. Qeyd edilib ki, Azərbaycan tarixinə ən dəhşətli və faciəvi səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı insanlığa və bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Hadisələr zamanı 63 uşaq qətlə yetirilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bütün dünyanın gözü qarşısında törədilən Xocalı soyqırımına ədalətli hüquqi qiymət verilməsinin, bütün bəşəriyyətin sülhə nail olmasının vacibliyi, Azərbaycan Prezidenti İlham Əliyevin ardıcıl və praqmatik siyasəti nəticəsində Xocalı soyqırımına dair həqiqətlərin bütün dünya ictimaiyyətinə çatdırıldığı, ermənilərin işğalçı, terrorçu əməllərinin ifşa olunduğu vurğulanıb.
Ermənistanın sabiq prezidenti, Xocalı soyqırımının iştirakçısı Serj Sarkisyanın dünya mətbuatına açıqlamasında soyqırımı faktını etiraf etməsinə baxmayaraq, bəzi dövlətlərin hələ də ikili siyasət yürütməsi təəssüflə qeyd olunub. Bildirilib ki, dünya birliyi Xocalı soyqırımına vaxtında düzgün hüquqi qiymət versəydi, hazırda Ukrayna və digər ölkələrdə yeni münaqişə zonaları yaranmazdı. Sonda Azərbaycanda və Ukraynada müharibə zamanı həlak olanların əziz xatirəsinə şamlar yandırılıb, səmaya şarlar və sülh rəmzi olan ağ göyərçinlər buraxılıb.

DAVAM.AZ
“Kiyev Bürosu” (Ukrayna)
Bu xəbər oxucular tərəfindən 119 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed