Şrift:
Azərbaycanda aqrar xidmətlərinin gücləndirilməsi üzrə iki illik layihəyə başlanılır
21.02.2020 [10:49] - İqtisadiyyat
Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi və kənd təsərrüfatının inkişafı dövlətin qarşısında duran əsas vəzifələrdəndir. Ölkədə aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib. Bu fikirləri Kənd Təsərrüfatı naziri İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyi ilə FAO-nun "Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi Layihəsi"nin təqdimatı ilə əlaqədar keçirilən tədbirdə deyib.
Nazir qeyd edib ki, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində aqrar sahə davamlı inkişaf etməkdədir. Aqrar sahənin rəqəmsallaşdırılması və fermerlər üçün müasir standartlara cavab verən keyfiyyətli xidmətlərin təşkili bizim əsas prinsiplərimizdən biridir: “Bu xidmətlərin “vahid pəncərə” prinsipinə əsaslanaraq keyfiyyətli və əlçatan olması üçün tərəfimizdən zəruri addımlar atılıb. Təbii ki, biz qarşıya qoyulan hədəflərə çatmaq üçün beynəlxalq təfərdaşlarımızın dəstəyinə və onlarla səmərəli əməkdaşlığın qurulmasına xüsusi önəm veririk. Aqraryönümlü elmi-tədqiqat institutlarının potensialının artırlmasında və bu qurumların informasiya və məsləhət xidmətləri şəbəkəsinə çevrilməsində beynəlxalq layihələrin əhəmiyyəti böyükdür. Düşünürəm ki, bu gün açılış mərasiminə toplaşdığımız layihə aqrar məsləhət xidmətləri sahəsinin inkişafına təkan verəcəkdir. Mövcud qurumların potensialının gücləndirilməsi, müasir çağırışlara daha dəqiq və çevik cavab verən məsləhət xidməti strategiyasının hazırlanması layihənin prioritet istiqaməti olmalıdır. Əminəm ki, sözügedən layihənin uğurlu icrası dövlətin bu sahədə həyata keçirdiyi tədbirlərə əlavə dəstək verəcək”.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskas bildirib ki, layihənin icrasında məqsəd davamlı kənd təsərrüfatı sahəsində aqrar sektorun inkişaf etdirilməsi istiqamətində Azərbaycana yaxından kömək etməkdir. Bu layihə Avropa İttifaqının ətraf mühit və iqlimə uyğun kənd təsərrüfatı təcrübələrinin təbliğinə və həyata keçirilməsinə imkan verəcək.
K.Jankauskas, həmçinin vurğulayıb ki, Azərbaycan effektiv məsləhət sistemi üçün konkret həll yolu axtararkən digər ölkələrin təcrübələrindən, o cümlədən Aİ ölkələrinin aqrar məsləhət xidmətləri sahəsindəki təcrübələrindən faydalana bilər.
FAO-nun Baş qərargahının aparıcı texniki mütəxəssisi Nevena Aleksandrova diqqətə çatdırıb ki, əsas məqsəd Azərbaycanda bütün fermerlərin ehtiyaclarına cavab verən və aqrar sektorda yenilikləri artıra biləcək müasir məsləhət xidmətlərinin göstərilməsi üçün işlək, effektiv və səmərəli model hazırlamaqdır. N.Aleksandrova diqqətə çatdırıb ki, kənd təsərrüfatında məsləhət xidmətlərinin keyfiyyətə nəzarəti təmin edən effektiv bir sistemə çevrilməsi vacibdir. Sözügedən layihə aqrar məsləhət xidmətlərinin rəqəmsallaşdırılması, bilik və bacarıqların artırılması üçün ölkə daxilində məsləhətçilər şəbəkəsini yaratmaqla məlumatları tənzimləyən mexanizmləri inkişaf etdirir. Layihə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmakın rəhbərliyi ilə həyata keçiriləcək. M.Çakmak bu layihənin fermerlər və kənd əhalisi üçün əhəmiyyətini vurğulayaraq məlumat və məsləhət xidmətlərinin vacibliyini önə çəkib. O, layihənin kənd yerlərində kiçik sahibkarlara, qadınlara və gənclərin informasiya-məsləhət xidmətlərinə olan ehtiyaclarının ödənilməsində əhəmiyyətli rol oynayacağına əmin olduğunu bildirib. Tədbirdə qeyd olunub ki, aqrobiznes şirkətləri və qloballaşdırılmış tədarük zəncirləri kənd təsərrüfatını dəyişdirərkən, iqlim dəyişikliyinin nəticəsi kimi yeni meyillər formalaşır, təbii ehtiyatlar bazası tükənir, qeyri-sabit bazar dinamikası, qloballaşan ticarət, iqtisadiyyatın sürətli rəqəmsallaşdırılması təşəbbüsləri yeni risklər və imkanlar yaradır. Bu səbəbdən kənd təsərrüfatı məhsulları istehsalçılarının ehtiyacları və maraqları dəyişir, qida və kənd təsərrüfatı istehsalında innovasiya proseslərinin tətbiqi tələb olunur. Belə şəraitdə aqrar məsləhət xidmətləri yeni yaranan çətinliklərin həllində ən yaxşı dəstəyi göstərmək və bu sahədəki imkanlardan faydalanmaq üçün yeni bir rol oynamaq potensialına malikdir. Aqrar xidmətlərinin əsas funksiyaları, alətləri, yanaşmaları bu rolu yerinə yetirmək üçün yenidən hərtərəfli nəzərdən keçirilməli və yenidən qurulmalıdır. O cümlədən kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının inkişafı və şaxələndirilməsi üçün əsas sektorlardan biri kimi müəyyənləşdirilməlidir. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi" layihəsi “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının əsas strateji prioritetlərinə uyğundur və ekoloji cəhətdən təmiz, effektiv və məhsuldar kənd təsərrüfatı istehsalı sisteminin qurulmasına xüsusi diqqət yetirir. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən həyata keçiriləcək sözügedən iki illik layihə kənd təsərrüfatı sahəsində mövcud və gələcək problemlərin həllinə dayanıqlı və davamlı formada daha çevik reaksiya verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə strategiyaların inkişaf etdirilməsi və məsləhət xidmətləri sisteminin birgə effektiv tətbiqi istiqamətində dəstək verməyi nəzərdə tutur. Bununla yanaşı, layihə çərçivəsində təlim, forum və platformaların təşkili məsləhət xidmətləri sahəsində potensialın inkişafına öz töhfəsini verəcək və kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsində müəyyən edilmiş strateji hədəflərə və 2020-ci, 2025-ci və 2030-cu illərə dair hökumətin strateji prioritetlərinə nail olmağa töhfə verəcək.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 69 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed