Şrift:
Suriyada türkman soyqırımı başlandı!
26.09.2012 [11:59] - Köşə yazarları, Hadisə
Suriyada baş verən qanlı hadisələr fonunda orada əzəldən yaşayan türkmanların soyqırımı başlanmışdır. Bir tərəfdən Bəşər Əsədə sadiq qüvvələr, o biri tərəfdən sələfi qiyamçıları fürsət düşdükcə türkman kəndlərini yer üzündən silirlər. Dünyanın sükutla seyr etdiyi bu qırğına qarşı “OĞUZ” Müstəqil Araşdırmaçılar Qrupu bəyanat vermişdir.

“OĞUZ” Müstəqil Araşdırmaçılar Qrupu
İdarə Heyətinin

B Ə Y A N A T I


Son aylar ərzində Suriyada baş verən və çoxsaylı insan tələfatı ilə nəticələnən hadisələri təkcə bölgə dövlətlərində yaşayan insanlar deyil, bütün dünya ictimaiyyəti kədər və üzüntü ilə izləyir. Dəməşq, Hələb və digər qədim, çoxəsrlik tarixə malik Suriya şəhərlərində baş verən qanlı döyüşlər, aviasiyanın da qatıldığı çoxsaylı bombardmanlar, müsəlman dünyasını sarsıdan qətliamlar və tarixi abidələrin dağıdılması Suriya xalqı ilə tarixi tellərə malik olan Azərbaycan cəmiyyətində daha böyük narahatlıq hissi ilə qarşılanmaqdadır.
Narahatlığın daha bir ciddi səbəbi son günlərdə azərbaycanlılarla eyni etnik kökə malik Suriya türkmanlarına qarşı kütləvi qətliamların baş verməsi, həmçinin, Azərbaycan xalqının böyük oğlu, dahi söz ustadı, sufi-hürufi ədəbiyyatının ən möhtəşəm nümunələrinin müəllifi, türk-islam dünyasının böyük və mübariz şəxsiyyəti Seyyid İmadəddin Nəsiminin Hələb şəhərində yerləşən və Azərbaycan ictimaiyyəti tərəfindən daim xatırlanan məzarının bu gün qızğın döyüşlərin getdiyi ərazidə yerləşməsidir. Siyasi ehtirasların qızışması və iqtidar-müxalifət münasibətlərinin son dərəcə kəskinləşməsi fonunda rəsmi Dəməşqin tarixi abidələrə və görkəmli şəxsiyyətlərin məzarlarına diqqət yetirməməsi bu tarixi abidələrin və məzarların taleyini açıq-aşkar təhlükə altında qoymuşdur.
“OĞUZ” Müstəqil Araşdırmaçılar Qrupu Suriyada baş verən hadisələri bu dövlətin daxili işi olaraq görməklə yanaşı, eyni zamanda, bu ölkədə yaşayan türkman soydaşlarımızın taleyindən və Nəsiminin Hələbdəki məzarının dağıdılması təhlükəsindən dərin narahatlığını ifadə edir, Suriya rəsmilərini siyasi məsələləri güc və hərb yolu ilə həll etməkdən çəkinməyə, zəngin tarixi-memarlıq nümunələrini, həmçinin, Seyyid İmadəddin Nəsiminin baxımsız qalmış məzarının təhlükəsizliyini qorumağa çağırır. Azərbaycan xalqı öz dahi şair və mütəfəkkirinin xatirəsini hər zaman əziz tutur və tutacaqdır. “OĞUZ” MAQ eyni zamanda bütün Azərbaycan ictimaiyyətini sözügedən taleyüklü problemlə bağlı öz səsini ucaltmağa, BMT, UNESCO, İSESCO və digər beynəlxalq təşkilatları isə vəziyyətə müdaxilə edərək bölgədə yaşayan soydaşlarımızın hüquqlarını qorumağa, İmadəddin Nəsimi kimi bəşəri şəxsiyyətlərin məzarlarının təhlükəsizliyini daimi diqqət mərkəzində saxlamağa səsləyir.

“OĞUZ” Müstəqil Araşdırmaçılar Qrupu
İdarə Heyəti
Bu xəbər oxucular tərəfindən 782 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed