Şrift:
İnşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
25.02.2020 [12:34] - Gənclik
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş konfrans və “Xocalı soyqırımını unutma” mövzusunda inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. BŞGİBİ-dən bildiriblər ki, Baş İdarənin rəisi Raqif Abbasov, Gəncliyə Yardım ‎Fondunun prezidenti Ahmet Tecim, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan, TRT kanalının Azərbaycandakı nümayəndəsi Murat Aksoy, Atatürk Mərkəzinin şöbə müdiri, şair-publisist Əkbər Qoşalı, Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq dəstə komandiri, “Azərbaycan bayrağı” ordenli ehtiyatda olan polkovnik Hikmət Ağayev, valideynlər, müəllimlər və gənclər iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib və Xocalı soyqırımına dair videoçarx nümayiş olunub.
Çıxış edənlər tarixboyu erməni separatçıları və qəsbkarları tərəfindən xalqımıza qarşı törədilmiş və Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxan saysız-hesabsız faciələri xatırladaraq, Xocalı soyqırımının bəşəriyyətdə insanlıq tarixinə yazılan ən qanlı faciələrdən biri olduğunu vurğulayıblar. Ölkə rəhbərliyinin apardığı uğurlu siyasət nəticəsində Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunacağına, işğal altındakı torpaqlarımızın azad ediləcəyi günün uzaqda olmadığına əminlik ifadə edilib, tarixçilərin, tədqiqatçıların, gənclərin üzərinə bu istiqamətdə məsuliyyətli və vacib vəzifələrin düşdüyü bildirilib. Sonra inşa yazı müsabiqəsinin qalibləri olan şagirdlər mükafatlandırılıblar. Qaliblərə diplomlar və hədiyyələr təqdim edilib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 64 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed