Şrift:
Krasnoyarskda Qarabağ qazisi İbad Hüseynli ilə görüş keçirilib
25.02.2020 [14:05] - Diaspor
Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar silsilə tədbirlərin tərkib hissəsi olaraq Rusiyanın Krasnoyarsk şəhərində Kuznetsov adına Sosial-mədəni kompleksdə “Etnik münaqişələr. Sovet keçmişinin dərsləri" mövzusunda panel-müzakirələr keçirilib. Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin təşəbbüsü, "Azərbaycan milli-mədəni muxtariyyəti" ictimai təşkilatının və Rusiyanın Azərbaycanlı Gənəclər Təşkilatının Krasnoyarsk diyarı üzrə bölməsinin təşkilatçılığı ilə keçirilən tədbirin fəxri qonağı "Azərbaycan bayrağı" ordenli Qarabağ qazisi İbad Hüseynli olub. Tədbirdə soydaşlarımızla yanaşı, Rusiya və Azərbaycanın tanınmış politoloqları, ictimai xadimlər, Krasnoyarsk rəsmiləri, tələbələr, eləcə də digər xalqların diaspor üzvləri və yerli KİV-lər iştirak ediblər. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğurunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, hər il Krasnoyarskda Azərbaycan diasporu tərəfindən Xocalı soyqırımı ilə bağlı müxtəlif səpkili tədbirlər təşkil edilir. Qeyd olunub ki, Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi kimi daxil olub. Həmin gecə Ermənistan silahlı qüvvələri tərəfindən bütün beynəlxalq hüquq normalarına zidd olaraq şəhərə hücum edilib, azərbaycanlılara qarşı soyqırımı aktını törədilib. Dünya birliyi erməni canilərinin törətdiyi vəhşiliklərə hüquqi qiymət verməlidir. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təşkil olunan panel müzakirələrə toxunan çıxışçılar bildiriblər ki, həmin müzakirələr zamanı Azərbaycan Prezidenti münaqişə ilə bağlı əsl həqiqətləri, Azərbaycanın ədaləti mövqeyini bir daha bütün dünya ictimaiyyətinə çatdırdı. Bu gün Azərbaycan dinamik inkişaf edən, güclü dövlətdir. Mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Tədbirdə İbad Hüseynlinin qəhrəman olaraq gənclərə və gələcək nəsillərə nümunə olduğu bildirilib. Müzakirədən sonra Qarabağ qazisi İbad Hüseynlinin soydaşlarımızla görüşü olub, görüş zamanı, həmçinin İbad Hüseynli haqqında “Əfsanəvi qəhrəman” tanıtım filminin ilk təqdimatı olub. İbad Hüseynli görüşün təşkilinə görə minnətdarlığını ifadə edib, Qarabağ müharibəsində iştirak etməklə Vətən qarşısında milli borcunu yerinə yetirdiyini söyləyərək deyib: “Bizim gücümüz birliyimizdədir. Mən Krasnoyarskda soydaşlarımız arasında bu birliyi hiss etdim və qürur duydum. Biz düşmənə öz birliyimizlə qalib gələ bilərik”.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 28467 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed