Şrift:
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib
25.02.2020 [17:58] - Siyasət
Fevralın 25-də Azərbaycana səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verdi. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamladı. Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndi. Azərbaycanın və Türkiyənin dövlət və hökumət nümayəndələri prezidentlərlə görüşdülər. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi. Daha sonra Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib.
Eyni zamanda qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub. Görüşdə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu. Ölkələrimizin həyata keçirdikləri birgə qlobal layihələrin əhəmiyyəti vurğulandı. Türkiyə Prezidentinin Azərbaycana səfərinin iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edildi. Görüşdə ikitərəfli münasibətlər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 96 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed