Şrift:
Milli Preventiv Mexanizm çərçivəsində hüquqi maarifləndirmə davam etdirilir
26.02.2020 [09:14] - Hüquq
Ombudsman Səbinə Əliyevanın təşəbbüsü əsasında Milli Preventiv Mexanizm (MPM) fəaliyyəti çərçivəsində hüquq-mühafizə orqanları üçün kadr hazırlığını həyata keçirən tədris müəssisələri, o cümlədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə əməkdaşlıq, hüquqi biliklərin artırılması məqsədini daşıyan tədbirlər davam etdirilir. Bu fəaliyyət çərçivəsində növbəti məruzələr “Ombudsmanın insan hüquqlarının müdafiəsində rolu” və “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Milli Preventiv Mexanizm fəaliyyəti” mövzularında olub və Ədliyyə Akademiyasında ilkin uzunmüddətli tədris kurslarında iştirak edən hakimliyə namizədlərə ünvanlanıb. Mühazirələr Ombudsman Aparatının şöbə müdiri, Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə tərəfindən tədris olunub. İnsan hüquqları pozuntularının qarşısının alınması, pozulmuş hüquqların bərpası, habelə BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolunun icrasının təmin edilməsi ilə bağlı ölkə Ombudsmanının MPM funksiyalarını yerinə yetirən təsisat qismində müəyyən olunması, bu sahədə fəaliyyətin daha səmərəli aparılması üçün şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə müntəzəm keçirilən başçəkmələr, verilmiş tövsiyələr və onların icrası vəziyyətinə dair məlumatlar milli və beynəlxalq qanunvericilik aktları, o cümlədən yerli, xarici ölkə və beynəlxalq təşkilatların təcrübəsindən misallar gətirməklə dinləyicilərin diqqətinə çatdırılıb.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının sənədi olan, pis rəftar növlərinin və cəzaların tətbiqinin effektiv tədqiq edilməsi ilə bağlı “İstanbul Protokolu”, SPT tövsiyələri və CPT-nin ümumi məruzələrində yer almış standartların, eləcə də, əlaqəli şəkildə milli qanunvericilik aktlarının konkret müddəaları üzrə məlumatlar tədris olunub. Ölkə Ombudsmanının insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət, o cümlədən MPM qismində fəaliyyəti dinləyicilər tərəfindən maraqla qarşılanıb, hakimliyə namizədlərin çoxsaylı sualları ətraflı cavablandırılıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 332 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed