Şrift:
"Bizim davamız federasiya davası deyil"
26.09.2012 [14:57] - İdman
Vasif Namazlı: "Bu gün de-fakto Sayokanı hamı böyük bir federasiya kimi tanıyır, önəmli olan da budur"

Azərbaycan Sayokan İdman Mərkəzinin prezidenti Vasif Namazlının müsahibəsi


- Vasif bəy, bu il qədim türk döyüş növü olan Sayokanın Azərbaycanda fəaliyyət göstərməsinin dörd ili tamam olur. Bu dörd illik fəaliyyət dövründə SAYOKAN-çıların nailiyyətləri haqda nə deyə bilərsiniz?

- Qeyd etmək istərdim ki, Sayokan türk döyüş sənətinin Azərbaycanda fəaliyyəti bu dörd ildə çox böyük uğurlarla yadda qalıb. Bu dörd ildə Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzi çox aktiv fəaliyyət göstərib. Misal olaraq dünya, Avroasiya və müxtəlif beynəlxalq turnirlərdə idmançılarımızın uğurlarını qeyd edə bilərəm. Ölkədaxili uğurlardan isə bunu deyə bilərəm ki, 4 il müddətində Sayokan böyük bir təşkilata çevrilib və bu təşkilatın 10-larla filialları, və 40-a yaxın ölkə ərazisində bölmələri var. Təşkilatımızın son dəfə keçirdiyi yarışmada 300-ə qədər idmançı iştirak edib. Ümumiyyətlə, Sayokançıların ölkə ərazisində sayı 1000-i keçib. Bunun nəticədir ki, biz keçən il Beynəlxalq Orta Asiya və Bahadır oyunlarını Azərbaycanda keçirdik. Hər il 4-5 yarış təşkil etmişik ki, ənənəvi yarışımız olan Heydər Əliyevin xatirəsinə həsr olunan turniri hər il keçirmişik. İlin sonuna qədər isə "İdman ili"ni layiqincə yekunlaşdırmağı qərara almışıq.

- Ümumiyyətlə, hazırda gənclər arasında Sayokana maraq hansı səviyyədədir?

- Deyə bilərəm ki, sayokan idman arenasında artıq özünü kifayət qədər tanıtdırıb. Ümumi ictimai şüura oturmaq haqqında isə onu deyə bilərəm ki, bu sürətlə inkişaf tempilə davamlı hərəkət etsək, yaxın 3 il ərzində sayokan tam ictimai şüura oturacaq. Çünki bizim haqqımızda eşidənlər tərəddüd etmədən bizim aramıza qoşulur və sayokançıya çevrilirlər. Məhz bunun nəticəsidir ki, müxtəlif idman növlərindən təlimatçılar bizim təşkilata üz tutaraq, bu idman növünə keçid edirlər.

- Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzində son ildə həyata keçirilən yeni təyinatlar bununla əlaqəlidirmi?

- Xeyr! Bu onunla əlaqəlidir ki, Sayokan təşkilatı böyüdükcə onun qayğıları da çoxalır. Bunun öhdəsindən gəlmək isə çox çətin olur. Bundan əvvəl biz təşkilatın icra orqanını idmançılardan ibarət formalaşdırmışdıq. Ancaq bu effekt vermədi, məhz ona görə fikirləşib, daha doğru addım atdıq. İlk olaraq A.S.D.N.M-nin I vitse-prezidenti kimi Aqil Acalovu təyin etdik. Çünki Aqil Acalov həm kifayət qədər ictimai təşkilat təcrübəsi olan, eyni zamanda müxtəlif zamanlarda dövlət orqanlarında çalışmış şəxsdir. Daha sonra isə bu yaxınlarda "qrand layihələr və maliyyə məsələləri" üzrə vitse-prezident vəzifəsinə Fərid Əlizadəni təyin etdik. Qeyd edim ki, Fərid Əlizadə gənc iş adamıdı və öz sahəsində xeyli uğurları var. Təşkilatımızın icra orqanında onun yer alması məqsədəuyğundur.

- Bəs bir müddət öncə sayokanın federasiyası kimi qeydiyyat keçməsi ilə bağlı məsələ qaldırılmışdı. Hazırda bu istiqamətdə bir dəyişiklik varmı?

- Bu gün de-fakto Sayokanı hamı böyük bir federasiya kimi tanıyır, önəmli olan da budur. Mətbuatda ölkəmizin görkəmli ziyalıları, elm adamları, millət vəkilləri bizim haqqımızda müsbət fikirdə olduqlarını qeyd ediblər. Bizim davamız federasiya davası deyil. Biz, sadəcə, ölkəmizdə 10-larla çin, yapon, kareya, rus, yunan, tailand və s. millətlərin mədəniyyətini təbliğ edən döyüş federasiyaları arasında öz milli adət-ənənələrimizi, tariximizi, dilimizi, özündə əks etdirən Sayokan Milli Federasiyasınının olmasını istəyirik. O ki qaldı federasiyanın qeydiyyatdan keçməsinə, Azərbaycan Sayokan Federasiyasının qeydiyyata alınması üçün bütün sənədləri Gənclər və İdman Nazirliyinə təqdim etmişik. İnanıram ki, hörmətli idman nazirimiz cənab Azad Rəhimov tapşırığı sayəsində yaxınlarda müsbət nəticə əldə olunacaq.

- Qarşıda sizi hansı plan və hədəflər gözləyir?

- Bildiyiniz kimi, bu il cənab prezident İlham Əliyev tərəfindən "İdman ili" qeyd olunub. Bununla bağlı biz xeyrli seminarlar, yarışlar və universitet tələbələri ilə birgə görüşlər keçirmişik. İlin sonuna kimi isə ölkə daxili və xarici yarışlarımızla yanaşı, eləcə də "Sayokan" jurnalının nəşrini həyata keçirəcəyik.

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1572 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed