Şrift:
ABŞ konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanat verib
29.02.2020 [09:31] - Xəbərlər, Siyasət
ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupunun həmsədri, Konqresin Xarici məsələlər komitəsini üzvü konqresmen Stiv Şabot Xocalı qətliamı ilə bağlı bəyanatla çıxış edib.

S.Şabot Konqresin gündəliyində qeydə alınmış bu bəyanatı verməklə yanaşı, Xocalı qətliamının 28-ci ildönümü ilə əlaqədar Nümayəndələr Palatasının Xarici məsələlər komitəsinin dinləmə zalında keçirilmiş anım tədbirində də iştirak edib.

Konqresin üzvü Ermənistan-Azərbaycan münaqişəsinin ən qara səhifəsi adlandırdığı Xocalı qətliamının qurbanlarını dərin hüznlə yad edərək, bildirib ki, 1991-ci ilin payızında erməni və sovet qüvvələri Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərini mühasirəyə almağa başlayıb. Onlar şəhəri bombaladıqdan sonra fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum edərək qadınlar, uşaqlar və yaşlı insanlar da daxil olmaqla 600 günahsız azərbaycanlını qətlə yetiriblər, yüzlərlə insan əlil olub.

“Human Rights Watch” təşkilatının 1992-ci il hesabatına istinad edən Konqresin üzvü vurğulayıb ki, şəhərdən qaçan əhaliyə qarşı beynəlxalq hüquqa zidd əməllər törədilib.

Konqres üzvü daha sonra vurğulayıb ki, Xocalı qurbanları bizə sülhün dəyərini xatırladır. ABŞ-ın və beynəlxalq ictimaiyyətin problemin danışıqlar yolu ilə həlli istiqamətində səylərinə baxmayaraq, münaqişə hələ də davam edir. Bununla əlaqədar, münaqişə tərəfləri artıq 30 ilə yaxındır davam edən problemin həlli üçün Minsk prosesinə dəstək verməyə çağırılır.

Təxminən 30 il əvvəl Xocalıda baş vermiş dəhşətli hadisələr zamanı həyatını itirmiş günahsız insanların xatirəsini bir daha yad edən Konqresin üzvü həmkarlarını Azərbaycanın bu faciəvi gününü xatırlamağa çağırıb.

Bəyanatın mətni ilə https://www.congress.gov/116/crec/2020/02/26/modified/CREC-2020-02-26-pt1-PgE220-2.htm səhifəsində tanış olmaq mümkündür.
Bu xəbər oxucular tərəfindən 40 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed