Şrift:
AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondu zənginləşdirilir
29.02.2020 [09:51] - Sosial, Bildiriş
AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilovun şəxsi kitabxanasından hədiyyə etdiyi əlyazma və çap kitablarının təqdimatı olub.

Tədbirdə çıxış edən Fərman Xəlilov Əlyazmalar Fondunun zənginləşdirilməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirib. O, rəhbərlik etdiyi qurumun Naxçıvanda milli-mənəvi xəzinəmiz olan qədim əlyazma və çap kitablarının yorulmaz toplayıcısı, etibarlı qoruyucusu, araşdırıcısı və təbliğatçısı olduğunu deyib.

Daha sonra hədiyyə etdiyi əlyazma və çap kitabları haqqında məlumat verən Fərman Xəlilov bildirib ki, onlar arasında satirik şair Mirzə Əli Möcüzün 100-dək əlyazmasının surəti, Lətif Hüseynzadənin “Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyəti haqqında xatirə”si, həmçinin Tədqiq və Tətəbbö Cəmiyyətinin 1925-1928-ci illərdə keçirilən 41 iclas protokolunun əlyazma surətləri yer alıb. Bundan başqa, Adolf Berjenin “Qafqaz və Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir” (1867), Namiq Kamalın “Vətən yaxud Slistrə” (1899), “Akif bəy” (1908), Mirzə Fətəli Axundzadənin “Kəmalüddövlə məktubları”nın ilk nəşri (1924), Firudin bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixi materialları” (1926), Salman Mümtazın tərtibçisi olduğu “El şairləri” (1927) kitabları, həmçinin Azərbaycan və dünya klassiklərinin bədii nəşrləri, dərsliklər, elmi, dini, fəlsəfi və tarixi əsərlər də fonda hədiyyə edilib.

Sonra tədbir iştirakçıları əlyazma və çap kitabları ilə əyani şəkildə tanış olublar.
Bu xəbər oxucular tərəfindən 56 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed