Şrift:
Bennet: “İsrailin əsas hədəflərindən biri 12 ay içərisində İranı Suriyadan çıxarmaqdır”
29.02.2020 [09:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İsrail gələn 12 ay ərzində İranı Suriyadan çıxarmaq üçün qarşısına məqsəd qoyub.



Bu sözləri İsrailin Müdafiə naziri Naftali Bennet yerli media orqanlarından birinə verdiyi müsahibə zamanı deyib.



“İranın Suriyada mövqelənmək üçün heç bir əsası yoxdur. Onlar qonşu deyillər, İranın İsrailin ətrafında mənzillənməsi məntiqli deyil. Biz İranı yaxın gələcəkdə Suriyadan çıxaracağıq. Mən bu istiqamətdə qarşıma məqsəd qoymuşam”, - deyə Bennet vurğulayıb.



O, həmçinin bildirib ki, İsrailin İrana qarşı mübarizəsinin taktikaları da dəyişib. Belə ki, əvvəllər İsrail ordusu İrandan İraq vasitəsilə Suriyaya daxil olub, Qolan təpələri və ya Livana gedən hərbi karvanları hədəfə alırdısa, artıq hücumlar digər formada həyata keçirilir. Lakin nazir yeni hücum strategiyası ilə bağlı detallara toxunmayıb.



Xatırladaq ki, İsrail ordusu ötən 3 il ərzində Suriyada “Sepah” və ona bağlı yaraqlı şiə qruplaşmalarına qarşı yüzlərlə hava zərbəsi endirib. Nəticədə çoxlu sayda “sepahçı” və yaraqlı həlak olub. 2019-cu ilin yay aylarında isə İsrail bu cür hərbi əməliyyatları Suriya-İraq sərhəddində də həyata keçirib.



Son günlər isə İsrail Silahlı Qüvvələri Hizbullahın və Əsəd rejimi qüvvələrinin İranın hazırladığı “Qolan layihəsi”ni icra etməkdə aktivləşdiyini bəyan edir. İsrail bildirir ki, Hizbullahın casusları bu istiqamətdə Qolan təpələrinə yaxın bölgələrdə kəşfiyyat işləri aparırlar.



Bu istiqamətdə ötən gün İsrail Hərbi Aviasiyası Qolan təpələri ətrafındakı bölgələrdə yerləşən Suriya ordusunun mövqelərinə qarşı 2 hücum həyata keçirib. Səhər saatlarından dronla həyata keçirilmiş hücum nəticəsində Hizbullahın bölgədəki komandanı həlak olmuşdu. Axşam isə helikopterlərin Əsəd ordusunun mövqelərinə endirdiyi raket zərbələri 3 hərbçinin yaralanması ilə nəticələnmişdi.
Bu xəbər oxucular tərəfindən 295 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed