Şrift:
Ermənistanı hərbi darmadağın planı - İrəvanda “yeni aprel” təlaşı
29.02.2020 [10:07] - Siyasət
Paşinyanın “inqilabçı” hökumətinə Kremlin etimadsızlığı Qarabağ müharibəsinin fitilinin çəkilməsinə gətirə bilər; erməni nəşri: “Moskvanın bizə ənənəvi dəstəyində kiçicik pauza yetər ki, Azərbaycanla qarşıdurmada fəlakətə tuş gələk...”
Ermənistanda “məxməri” inqilabın ikinci ildönümünə bir şey qalmadı. İşğalçı ölkədə küçə etirazları nəticəsində hakimiyyət dəyişikliyinə nail olmuş narazı kütlədən ötrü ötən müddətin ən acınacaqlı yekunu, şübhəsiz ki, əsas gözləntinin doğrulmamasıdır. Bu da odur ki, iki ildə Nikol Paşinyan hökumətinin pafoslu bəyanatlarına və tez-tez səsləndirdiyi qəribə və şişirdilmiş iqtisadi rəqəmlərə rəğmən, erməni əhalinin güzəranı zərrəcə yaxşıya dəyişməyib.

Başqa sözlə, Ermənistanda xunta rejimi yıxılsa da, hakimiyyət dəyişsə də, dolanışıq ən yaxşı halda əvvəlki kimi qalır. Hələ də ölkədən əmək qabiliyyətli adamların və gənclərin kütləvi köçü davam edir, doğum faizi aşağı düşməkdədir, işğalçı orduda qayda-qanun yaratmaq, son vaxtlar artan əsgər intiharlarının qarşısını almaq isə heç cür mümkün olmur. Qarabağın işğalına görə düşmən ölkənin blokada vəziyyəti, iqtisadi təcridi davam edir və ildən-ilə daha da sərtləşir.

Bu yandan da Ermənistanın yeganə siyasi-hərbi müttəfiqi və varlıq qarantı olan Rusiya ilə Ermənistanın indiki “qərbyönlü” rəhbərliyi arasında münasibətlər normal məcrasına düşə bilmir - baxmayaraq ki, Paşinyan az qala, hər addımda Moskvaya sədaqət andı içir. Hərçənd ara-sıra Kremli “sancmağı” da unutmur. Necə ki, az öncə özünün facebook səhifəsində o, Xocalı soyqırımına görə Rusiyanı ittiham edən status paylaşmışdı.

Moskvada təbii ki, bütün bunları görür və ciddiyə alırlar. Bəzi məlumatlara görə, Kremlin səbir kasası dolmaq üzrədir və Paşinyan iqtidarına qarşı əks-inqilab ssenarisi də hazırlanıb. Hətta konkret adlar çəkilir. Məsələn, Ermənistan Təhlükəsizlik Xidmətinin sabiq direktoru, Nikol Paşinyanın bir neçə ay öncə vəzifəsindən uzaqlaşdırdığı, Moskvaya yaxın generallardan sayılan Artur Vanetsyan...

“Rusiya Ermənistanın yeni ”inqilabçı" hökumətinə inanmır. Son 2 il ərzində rəsmi İrəvan Qərbin gözündə daha yaxşı görünməyə çalışmaqla yanaşı, Moskvada Paşinyan hökumətinə qarşı daim narazılıq atmosferi yaradan çoxsaylı mənasız və axmaq addımlar atıb".

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə Ermənistanda nəşr olunan “Fakt” qəzeti yazıb.

Qəzet bildirir ki, Rusiya mediası və ekspertlər bu narazılığı xeyli vaxtdır qeyd edirlər: “O sırada Avrasiya İqtisadi Birliyinin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bütün sammitlərinin işıqlandırılması zamanı Ermənistan hökumətinı müntəzəm şəkildə məsxərəyə qoyulur”.

Nəşrin qənaətincə, istisna deyil ki, Qarabağda hərbi əməliyyatlar başlayanda Moskva Bakıya gərəkli olan “pauza” eləmək qərarına gələcək və bununla da Ermənistanı çıxılmaz vəziyyətə qoyacaq: “Eləcə də Moskva bölgədə ermənilərin Rusiyanın ənənəvi dəstəyi olmadan necə keçinəcəyinə məmnunluqla tamaşa edəcək. Odur ki, Moskva ilə təcili məsləhətləşmələr aparılmalı, mövqelər korrektə olunmalı və qarşılıqlı inam mühiti bərpa edilməlidir”.

Erməni nəşri əmindir ki, hazırda regionda Rusiyadan təsirli oyunçu yoxdur. “Rusiya, üstəlik, Ermənistanın hərbi darmadağından xilası üçün operativ imkanlara malikdir. Məsələ həm də ondadır ki, bu il ABŞ-da seçki kampaniyası abı-havasıdır və bütün namizədlər qarşıdakı seçkilərə köklənib. Avropanın isə Qarabağda müharibəyə qarsımaq üçün məcburedici yox, yalnız siyasi təsir rıçaqları var”, - deyə erməni KİV-i sonda xəbərdarlıq edib.

Söz düşmüşkən, 2016-cı ilin “4 günlük” aprel müharibəsi zamanı Azərbaycan Ordusunun irəliləməsi məhz Rusiyanın vasitəsi və müdaxiləsi ilə dayandırılmışdı. Baş nazir Nikol Paşinyan isə ötən il etdiyi çıxışlarının birində belə bir fikir söyləmişdi ki, o, Rusiyanın Ermənistanı Azərbaycanın hücumundan qoruyacağına inanır...

*****

Bu arada Paşinyanın istər Qarabağ mövzusunda, istərsə də başqa məsələlərlə bağlı mütəmadi şəkildə verdiyi ziddiyyətli, bir çox hallarda absurd bəyanatlardan, həmçinin daxildə siyasi opponentlərə qarşı istifadə elədiyi üsullardan çox danışılır. Məsələn, baş nazirin koronavirus epidemiyasının qarşısını almaq üçün ölkədə xüsusi nəzarətin tətbiqi barədə göstərişi fonunda martın 1-də kütləvi tədbirlərə çağırışları sosial şəbəkələrdə geniş müzakirə olunur. Getdikcə o, həm də daha çox “diktator” adlandırılır.

Bəs küçə demokrat-siyasətçisi necə oldu ki, diktatora çevrildi?

“Yeni Müsavat” xəbər verir ki, media.az bu mövzuda Rusiya Siyasi Müşavirlər Assosiasiyasının üzvü, siyasi psixoloq Yuliya Mileşkina ilə söhbət edib. Siyasi psixoloq bu kontekstdə Paşinyanın Qarabağla bağlı uğursuz mövqeyini də şərh edib.

“Paşinyan öz hərəkətləri ilə Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsini təhlükəyə atdı - ”Heç bir kompromis ola bilməz", “heç bir ərazi verilməyəcək” və s. Bəzi ekspertlər deyirlər ki, Ermənistanın baş naziri daxili auditoriyaya oynayır. Mitinqlər yolu ilə hakimiyyətə gələn bir adam, əlbəttə ki, nəyin nə olduğunu başa düşür: O, hakimiyyətini qorumağa, vəziyyətə nəzarət etməyə çalışacaq. O, narazılara deməyəcək ki, əgər istəyirsinizsə, mən gedərəm", - deyə siyasi psixoloq vurğulayıb.

Getdikcə reytinqi düşməkdə olan Ermənistanın hazırkı rəhbərliyi üçün əslində problemlərin problemi - Kremlin etimadsızlığı fonunda həlli uzanan Qarabağ münaqişəsi, işğal altındakı əraziləri nəzarətdə saxlamaq məsələsidir. İkinci, daha rüsvayçı və daha miqyaslı “aprel” məğlubiyyəti hər an qapını döyə bilər...
Bu xəbər oxucular tərəfindən 261 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed