Şrift:
Suriyada türk əsgərinə xain hücumun pərdəarxası - Putinlə Ərdoğan nədən danışıb?
29.02.2020 [10:13] - Xəbərlər
Türkiyənin İdlibdə 33 əsgər itirməsi dünyanın gündəmini dəyişdi - ABŞ və Avropadan Ankaraya dəstək gəldi; Rusiya baş verənlərə görə məsuliyyəti üzərinə götürmür, amma...
Fevralın 27-dən 28-nə keçən gecə İdlibdə Türkiyə Silahlı Qüvvələrinə xain hücum nəticəsində 33 nəfər həlak olub, xeyli sayda hərbçi yaralanıb.

Hadisədən dərhal sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada, Beştəpədəki Prezident Administrasiyasında müdafiə naziri Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli Təhlükəsizlik Təşkilatının rəhbəri Hakan Fidanın, yüksək vəzifəli məmurların iştirakı ilə 6 saat davam edən toplantı keçirib.

İclasdan sonra H.Akar, Quru qoşunları komandanı Ümit Dündar və Hava qüvvələri komandanı Həsən Küçükalyüz Suriya ilə sərhəddə gediblər. Müdafiə naziri deyib ki, Rusiya tərəfi ilə müzakirələr davam edir və ümid edirlər ki, tərəflər İdlib probleminin həlli üçün cəhdlər göstərib münasib nəticəyə gələcəklər.

General Akar əlavə edib ki, ABŞ müdafiə naziri Mak Esperlə danışıqlar və müzakirələr aparacaq, tərəflərin telefon vasitəsilə danışıqları planlaşdırılıb.

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun iclasda verilən qərarları açıqlayıb, Suriyadakı qeyri-qanuni rejimə qarşı artıqlaması ilə cavab verilməsinin qərara alındığını bildirərək deyib: “Hava və qurudan atəşə dəstək qüvvələrimizlə rejimin bütün bəlli hədəfləri atəş altına alınıb və belə də davam edəcək”.

Türkiyə suriyalı mühacirlərə Avropanın qapılarını açıb.

“Reuters”in yüksək vəzifəli türk məmuruna istinadən xəbərinə görə, Türkiyə suriyalı mühacirlərin istər dəniz, istərsə də quru yolu ilə Avropaya keçməsinə mane olmamaq barədə qərar qəbul edib.

Xəbərdə bildirilir ki, İdlibdən mühacir axını olacağı halda, Türkiyə mühacirlərin Avropaya keçməsinə müdaxilə etməyəcək, həmçinin bu qərar Avropaya gedəcək olan suriyalılarla məhdudlaşmayacaq, digər mühacirlərə də şamil olunacaq.

“Hərbçilərimizin Suriyanın şimalında, İdlib vilayətində hücuma məruz qalmasından sonra 200-ə yaxın hədəfə havadan və qurudan zərbə endirilib”.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu H.Akar deyib.

“Nəticədə 5 helikopter, 23 tank, iki zenit-raket kompleksi və 309 rejim əsgəri məhv edilib”, - deyə nazir vurğulayıb.

O qeyd edib ki, Türkiyə hərbçilərinin olduğu yerlər əvvəlcədən Rusiyanın səlahiyyətli şəxsləri ilə koordinasiya edilməsinə baxmayaraq, bu hücum həyata keçirilib: “Hücum zaman hərbçilərimizin ətrafında heç bir silahlı qrupun olmadığını vurğulamaq istəyirəm”.

“Türkiyə dünyada ən çox qaçqına ev sahibliyi edir. Ölkəmizin miqrantlarla bağlı siyasətində hər hansı dəyişiklik yoxdur”. APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hami Aksoy deyib.

O bildirib ki, İdlibdə baş verənlər Türkiyədəki qaçqınlara təsir göstərməkdədir.

“Məlum hadisələrdən narahatlıq keçirən ölkəmizdəki bəzi qaçqınlar qərb sərhədlərimizə doğru hərəkət etməyə başlayıblar. Vəziyyətin pisləşməsi nəticəsində bu risk artmağa davam edəcək”, - deyə H. Aksoy vurğulayıb.

“İdlibdə davam edən eskalasiyanı təcili dayandırmaq lazımdır”. APA-nın xəbərinə görə, bu barədə Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozep Borrell twitterdə bildirib.

“İdlibdə baş verənlərin genişmiqyaslı açıq beynəlxalq hərbi qarşıdurmaya çevrilmə riski var. Ayrıca, baş verənlər dözülməz humanitar çətinliklərə səbəb olur və mülki insanları təhlükəyə atır. Avropa İttifaqı bütün tərəfləri gərginliyi azaltmağa çağırır və itkilərə görə təəssüflənir. Avropa İttifaqı təhlükəsizlik maraqlarını qorumaq üçün bütün lazımi tədbirləri nəzərdən keçirəcək. Bütün müvafiq tərəflərlə əlaqə saxlayırıq”, - deyə C. Borrell vurğulayıb.

ABŞ Dövlət Departamenti də xüsusi açıqlama ilə çıxış edib.

“İdlibdə türk əsgərlərinin itkiləri ilə nəticələnən hücumdan çox narahatıq. Əsəd rejimi Rusiya və İran tərəfindən dəstəklənən güclərin alçaq hücumlarına dərhal son verməlidir. Türkiyəni bu böhranda ən yaxşı formada dəstəkləyə biləcəyimizə dair variantlara baxırıq”,- Dövlət Departamenti bəyan edib.

Dövlət Departamenti əlavə edir ki, Türkiyə məqamları ilə təmas halındadır. Hadisə ilə bağlı Türkiyənin ünvanına çoxlu sayda başsağlığı verilib.

Prezident İlham Əliyevin Ərdoğana verdiyi başsağlığında deyilir: “Hörmətli cənab Prezident, əziz qardaşım, türk əsgərlərinin şəhid olması xəbərini dərin kədər hissi ilə qarşıladım. Baş vermiş bu hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Azərbaycanın Xarici İşlər Nazirliyi qurumun twitter səhifəsi üzərindən başsağlığı verib. Azərbaycanın müdafiə naziri Zakir Həsənov H.Akara və Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Qeyd edək ki, türk əsgərlərinə hücumun hansı qüvvələr tərəfindən edildiyi tam məlum deyil. Doğrudur, nəzərlər daha çox Suriyadakı Bəşər Əsəd qüvvələrinin üzərində cəmləşib. Amma Rusiyanın da adı az keçmir. Hətta İranın belə adı çəkilir.

Günün ikinci yarısında Rusiya prezidenti Vladimir Putinlə Ərdoğan arasında telefon danışığı olub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

O, telefon danışığının Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutduğunu qeyd edib.

“Telefon danışığı zamanı İdlibdəki vəziyyət ətraflı müzakirə olunub. Telefon danışığı İdliblə bağlı indiyədək əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə həsr olunub. Bundan başqa, yaxın vaxtlarda bu və ya digər səviyyələrdə təmasların mümkünlüyü müzakirə edilib”, - deyə Rusiyanın XİN başçısı vurğulayıb.

Eyni zamanda Rusiyanın Müdafiə Nazirliyi də bəyanatla çıxış edib. Nazirlik bəyan edib ki, Türkiyə Rusiyaya həmin bölgədə əsgərlərinin olub-olmadığına dair informasiya verməyib: “Suriya müxalifəti bu bölgədə böyük hücum hazırlayırdı. Türkiyə bu bölgədə türk əsgərlərinin olduğu haqda bizə informasiya verməyib. Hava hücumunda Rusiya təyyarəsi iştirak etməyib. Rusiya atəşkəsin davam etməsi üçün əlindən gələni edib”.

Onu da bildirək ki, Əsəd rejiminə Türkiyənin verdiyi ultimatum bu gün bitir. Bu faciənin baş verməsindən və vaxtın bitməsindən sonra rəsmi Ankaranın necə hərəkət edəcəyi ciddi suallar doğurur. Rusiyanın Soçi və Ankara anlaşmalarına əməl etməməsinin fonunda proseslərin necə cərəyan edəcəyi barədə fərqli mövqelər səslənir.

Politoloq Əhəd Məmmədli türk əsgərlərinə edilən hücumun qarşılığının artıq verildiyini söylədi: “Türkiyə İdlib vilayətini yenidən tam nəzarətə götürmək üzrədir. İki gün ərzində iki strateji şəhər qaytarıldı, M4-M5 yolu ələ keçirildi. Hələ bütün bunlar Türkiyə Silahlı Qüvvələrinin rəsmi hərbi əməliyyatda iştirak etməməsi ilə baş verir. Fevralın 29-da Əsədə verilən vaxt bitir. Törətdikləri bu hadisə ilə guya öz ağıllarında Türkiyəni fakt qarşısında qoymaq istəyiblər. Çünki yaxşı bilirlər ki, şəhid məsələsində qardaş ölkə necə həssasdır. Xain hücumun qarşılığı artıq verilib. Əsədin İdlibdə və bu vilayətin xaricində mövqeləri hava və qurudan çarpaz atəşə tutulub. Türk ordusu iş başına keçəndən sonra əsədçilər Osmanlı tokatının nə olduğunu çox yaxşı hiss edəcəklər. Özü də təkcə əsədçilər bunu hiss etməyəcəklər... Gözlənildiyi kimi, Rusiya rəsmən ”biz türk əsgərlərini vurmamışıq və danışıqlara açığıq" dedi. Təbii ki, Əsəd Rusiyaya arxalanmasaydı, türk əsgərinə atəş açmaq cəsarətində olmayacaqdı. Razıyam, ortada rusların türkləri vurma faktı yoxdur, amma bütün bunlara rəğmən Moskva Ankaranın təpkisini anlamalı və Əsədi ayağına bağlamalı idi. Ərdoğanın köməkçisi Məsud Haqqı Rusiyanın ünvanına sərt sözlər deyib. Prezident köməkçisi Suriya uğrunda müharibəyə hazır olduqlarını deyib. Onun fikirlərindən sitat gətirirəm: “Rusiya ilə 16 dəfə müharibə etmişik və bunu təkrarlamağa hazırıq. Türkiyənin qisası amansız olacaq. Unutmayaq ki, Rusiyada 25 milyon müsəlman yaşayır və onlar ölkəni içindən parçalayacaq”. İndi görün proseslər hara doğru gedə bilər?! Bütün bunları Kreml daha əvvəl düşünməli idi. İdlib Donbas, Türkiyə ordusu da Ukrayna ordusu deyil. Bunu çox yaxın zamanlarda ruslara Suriyada türklər anladacaqlar. Türkiyə suriyalı köçkünlərinə qapılarını açıb. İndi gerisini Avropa düşünsün. Rusiya Suriyada Türkiyəyə hava alanını açmasa, Türkiyə də Rusiyaya Bosfor və Dardanel boğazlarını bağlayacaq. Bundan sonra da Suriya hava məkanında hər an türk və rus qırıcıları üz-üzə gələ bilərlər. Bu da rəsmən türk-rus müharibəsi deməkdir. Ərdoğan Suriyada hava məkanı problemini həll edəcəyik söyləmişdi. Xain hücumdan sonra bu proses daha da tezləşəcək".

Politoloq proseslərin gələcəyi barədə təxminlərini də bölüşdü: “Moskva Əsədə ”dur" deyib geri çəkilməsə, hər an türk və rus əsgərləri üz-üzə gələ bilər. Bunun olmaması üçün ya Əsəd dayandırılmalıdır, ya da Rusiya Əsəd rejimi ilə Türkiyəni təkbətək qoymalıdır. Belə olan halda isə Əsəd rejimi tez bir zamanda ən azından İdlibdə türk ordusu tərəfindən darmadağın ediləcək. Hər variantda Türkiyə İdlibdə sona qədər gedəcək. Ankara İdlibi güzəştə gedən deyil. İdlib əməliyyatı təxirə salınmayıb ki, yarımçıq da qalsın. Bu əməliyyat daha miqyaslı şəkildə davam edir. Türkiyə Rusiya ilə müttəfiq deyil, tərəfdaşdır. Bu tərəfdaşlığın davam etməsi və ya dayandırılması Kremldən asılıdır. Ola bilsin ki, bəzi generallar Putinin iradəsindən kənar Türkiyə ilə qarşıdurmaya getməyə meyllidirlər. Burada ABŞ, Britaniya, İsrail, hətta İranın da əli və birgə iştirakı ola bilər. Çünki sadaladığım ölkələrin heç biri Türkiyə-Rusiya yaxınlaşmasında maraqlı deyillər. Hələ gec deyil, Moskva simasını qoruyaraq geri çəkilib, Ankara ilə bir masa arxasında məsələləri həll edə bilər".
Bu xəbər oxucular tərəfindən 39 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed