Şrift:
“Həyat verən gənc donorlar” layihəsi çərçivəsində dəyirmi masa keçirilib
02.03.2020 [08:56] - Gənclik
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə XIII qrant müsabiqəsinin qalibi olan “Həyat verən gənc donorlar” layihəsi çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Sumqayıt regional bölməsində dəyirmi masa təşkil olunub. AzQAC-ın Sumqayıt Regional bölməsinin sədri Mətanət Məhərrəmova layihənin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Nəzərbəy Hacıağayevin qazandığı layihə həqiqətən də cəmiyyətimizə lazım olan, labüd məsələlərdəndir: “Bu gün insanların qanvermə aksiyalarına marağı mövcuddur. Ancaq bu prosesin ətrafında marağı daha da artırmaqdır. Mən inanıram ki, Nəzərbəy Hacıağayevin bu fərdi layihəsi bu missiyaya xidmət edəcək”.
Layihə rəhbəri Nəzərbəy Hacıağayev çıxış edərək bildirib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Regional bölməsinin gəncləri nəinki bu təşkilatın, eyni zamanda, da ölkəmizin ən fəal gəncləri sırasındadır: “Mən 13-14 yaşından bu qurumun könüllüsüyəm. Qrant müsabiqəsi zamanı da Sumqayıtda belə layihənin reallaşdırılması ilə bağlı təklif mənim də ürəyimcə oldu. Atamın Beynəlxalq Qızıl Xaç Komitəsindən 1992-ci ildən fəaliyyət göstərməsi humanitar sahəyə olan marağımın formalaşmasına səbəb oldu. Məhz yeniyetmə yaşlarımdan AzQAC-a üz tutmağım bunun göstəricisi idi. Bu, mənim ilk fərdi layihəm idi. Ona görə mən qərara gəldim ki, bu layihə cəmiyyətə humanitar missiyaların təbliğinə xidmət göstərsin. Bu layihənin qəbul olunmasında, maliyyə ayrılmasında Azərbaycan Respublikasının Gənclər Fonduna minnətdarlığımı bildirirəm. Bu layihənin davamlı olması üçün əlimizdən gələni əsirgəməyəcəyik. İnşallah növbəti qrant müsabiqələrində bu layihə ilə müraciət etməyi düşünürük”.
Daha sonra AzQAC Sumqayıtın fəal könüllüləri çıxış edib. Sonda tədbir diskussiya şəkilində davam etdirilib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 27 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed