Şrift:
“Traxtur” takımı: Belə davam edərsə, oyunlarımıza canlı yayımına icazə verilməyəcək
02.03.2020 [13:42] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın “Traxtur” futbol takımı ona qarşı yol verilən ayrı-seçkiliklərə görə İran Teleradio Şirkətini kəskin tənqid edərək vəziyyətin belə davam edəcəyi təqdirdə komandanın görüşlərinin canlı yayımına icazə verilməyəcəyi barədə xəbərdarlıq edib. Bu barədə klubun genel qurul başqanı Abbas İlyasi İran Teleradio Şirkətinin rəisi Əli Əsgəriyə məktub ünvanlayıb.
“İdman şərhçiləri və reportyorlar bütün toplumlara aid olan milli kütləvi informasiya vasitəsindən sui-istifadə edərək ayrı-seçkiliyə yol verirlər. Xüsusi takımlar var ki, onlar mətbuat apartheidi yaradıb. İran Teleradio Şirkəti heç bir toplumun və ya şəxsə aid deyil. Nə üçün reportyorlar və aparıcıların xüsusi komandalara dəstək verməsinə icazə verilməlidir?! Nə üçün bizim və ya digər takımların tərəfdarları öz haqqını tələb etdiyi zaman televiziyada vətənini satmaqda günahlandırılmalıdır?! Bizim takım və tərəfdarlarımız haqları tapdalandığı zaman etiraz bildirir. Lakin biz buna görə saxtakarcasına “pantürkist” və “bölücü” ayamalarla ittiham olunuruq. Şübhəsiz ki, bu işlər bizim öz tələbimizdən geri çəkilməyimizə hesablanıb. “Traxtur” son iki ildə azarkeş sayına görə dünya üzrə rekord vurub. Nə üçün bu takımın oyunları paytaxtın iki komandasının görüşləri kimi 3-cü telekanaldan yayımlanmır?! Məgər “Traxtur”un ən azı 30 milyon tərəfdarı yoxdur?! Hətta qeyd etmək lazımdır ki, “Traxtur” yeganə takımdır ki, beynəlxalq səviyyədə tərəfdarları var, ona görə də bu fürsətdən ölkə üçün istifadə olunmalıdır. Artıq 50-60 il bundan əvvəlki dövr deyil. O zaman bütün ölkənin əhalisi paytaxtın iki komandasının tərəfdarı idi. Artıq zaman dəyişib. Futbolda “Traxtur” kimi yeni qütb yaranıb. Bu takımın hətta digər iki qütbdən daha çox tərəfdarı var. Teleradio Şirkətində olduğu kimi, Futbol Federasiyasında da “Traxtur”a qarşı ayrı-seçkiliyə yol verənlər var. Onlar “Traxtur”u bir qütb kimi görə bilmir və təsibkeşlik edərək digər komandaların haqqını tapdalayırlar.”- deyə məktubda qeyd olunub.
Abbas İlyasi vurğulayıb ki, yuxarıda qeyd olunan problemlər öz həllini tapmayana və ayrı-seçiliyə yol verən aparıcılar və reportyorlara qarşı tədbir alınmayanadək “Traxtur” takımı jurnalistlərin çəkiliş aparmasına icazə verməyəcək. Məktubun sonunda həmçinin vurğulanıb ki, bu istiqamətdə Futbol Federasiyası da islahat aparmalı və “Traxtur” takımına qarşı yol verilən ayrı-seçkilikləri aradan qaldırmalıdır.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 132 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed