Şrift:
Siyamək Mirzayini şərləyərək məhkəmə onun həbs cəzasını artırıb
02.03.2020 [13:49] - Güney Azərbaycan xəbərləri
İran adlı ölkəni 41 ildir idarə edən molla rejiminin Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından biri olan Siyamək Mirzayi haqqında yeni hökm çıxarıb. Fevralın 26-da elan olunan hökmə əsasən milli fəalın qərara yenidən baxılması ilə bağlı tələbi rədd olunaraq bundan əvvəlki hökmün əlavə olunmuş cəzaları ilə birlikdə həbs cəzası 1 il 10 günədək artırılıb.
Bundan əvvəl Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsinin rəisi hakim İman Əfşari 3 il Evin zindanında həbs edildikdən sonra Qain şəhərinə sürgün edilən tanınmış milli fəalı rejimin əleyhinə təbliğat aparmaqda günahlandırmışdır. Həmin ittihama görə 1 il həbs cəzası verən hakim hökmün təkmil edilməsi adı ilə fəalın ölkədən çıxışına və ictimai-siyasi qruplarda üzv olmasına qadağa qoyaraq barəsində 2 il həbs cəzası çıxarmışdır. Siyamək Mirzayi məhkəmə iclasında iştirak edə bilmədiyi üçün hökm qiyabi olaraq çıxarılıb. Hökmdə müttəhimin hökmün yenidən baxılmasını tələb etmək hüququna malik olduğu qeyd olunmuşdur.
Milli fəalın sonuncu məhkəmə işi onun Evin zindanında həbsdə olarkən məhbusların hüququnun pozulması ilə əlaqədardır. Hökmdə fəalın həbs cəzası onun prokurora yazdığı açıq məktub və aclıq aksiyası xəbərinin sosial şəbəkələr və rejimə qarşı fəaliyyət göstərən mətbuat orqanlarında yayılması ilə əlaqələndirilib. Siyamək Mirzayi 2016-ci ilin iyul ayının 13-də Muğanın Parsabad şəhərində məhkəmə hökmü təqdim edilmədən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, sonra Tehranın Evin həbsxanasına aparılmışdır. O, Evin həbsxanasının təkadamlıq kamerasında aylarla saxlandıqdan və işgəncələrə məruz qaldıqdan sonra Baharıstan İnqilab Məhkəməsi tərəfindən “milli təhlükəsizlik əleyhinə fəaliyyət göstərən qruplaşmalarda üzv olmaq” ittihamı ilə 10 il həbs və 2 il Təbəs şəhərinə sürgünə məhkum edilmişdir. Daha sonra apellyasi məhkəməsində hökm 3 il həbs və 1 il Qain şəhərinə sürgünlə əvəz edilmişdir. Magistr dərəcəsində təhsil almaq hüququndan məhrum edilən Siyamək Mirzayi ötən illərdə mədəni fəaliyyətləri səbəbindən rejimin müxtəlif təzyiqlərinə məruz qalıb.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 131 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed