Şrift:
Dr. Əxəvan Əkbəri: Ərdəbil Əyalətində koronavirusa yoluxanların sayı çoxdur, lakin onlar xəstə olduqlarından xəbərsizdir
03.03.2020 [09:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbil Əyaləti Tibb Universitetinin rəisi əyalətdə gələcək iki həftə ərzində koronavirusa yoluxanların sayının artacağı barədə xəbərdarlıq edib.



Dr. Əxəvan Əkbəri bu barədə bazar günü günortadan sonra danışıb.



“Hal-hazırda bu virusa yoluxanların sayı çoxdur. Lakin xəstəlik gizli dövrünü keçirdiyi üçün heç bir əlaməti yoxdur. Ona görə də virusa yoluxanlar xəstə olduqlarından xəbərsizdir.”- deyə o bildirib.



Dr. Əxəvan Əkbəri xəbərdarlıq edib ki, gələcək 15 gün ərzində koronavirusa yoluxanların sayında kəskin artım ola bilər.



“Virusdan qorunmaq üçün əhali imkan daxilində evdə qalmağa çalışsın. Uşaq, yaşlı insanlar, həmçinin ürək və ağciyər xəstələrinin evdən şəhərə çıxmamasına xüsusi önəm verilməlidir.

Əyalət əhalisi qonşu əyalətlər, xüsusi ilə də Gilan Əyalətinə səfər etməməlidir. Bu dəqiqə Gilan Əyaləti koronavirusun yayılması baxımından böhran içindədir.”- deyə universitet rəisi vurğulayıb.



Ərdəbilin Tibbi Universiteti tərəfindən yayılan məlumata görə, bu əyalətdə koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilənlərin sayı 50 nəfərdən çoxdur, onlardan 7-i reanimasiyada saxlanılır.



Ekspertlərin fikirinə görə, İranda koronavirusa yoluxanların sayı rəsmi rəqəmlərdən qat-qat çoxdur. Lakin rejim bu barədə doğru məlumat vermir. Təhlükəli virus daşıyıcılarının sayını gizlətmək ölkədə yaranan təhlükəli vəziyyəti daha da dərinləşdirir.



İranda koronavirusa yoluxma faktı ilk dəfə Qum şəhərində qeydə alınıb. Rejim şəhəri karantinə almadığı üçün artıq virus təxminən bütün ölkəni, o cümlədən Güney Azərbaycan əyalətlərini bürüyüb. Hər gün virusa yoluxan xəstələrinin sayının artdığı, bir neçəsinin isə öldüyü barədə məlumat yayılır.
Bu xəbər oxucular tərəfindən 237 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed