Şrift:
İstiqlalçı deputatlar məclisi yaradılır.
27.09.2012 [13:21] - Gündəm, Siyasət
Hacıbaba Əzimov: “Bu məclis nə müxalifətyönlü, nə iqtidaryönlü olacaq”

Sentyabr ayının 28-də saat 14.00-da KXCP qərargahında İstiqlalçı Deputatların Məclisi adlı qurumun təsis yığıncağı keçiriləcək. Bu barədə istiqlalçı deputat Hacıbaba Əzimov “Yeni Müsavat”a məlumat verib. Onun sözlərinə görə, təsis yığıncağında qurumun əsasnaməsi qəbul olunacaq, təsislə bağlı bəyanat imzalanaraq yayılacaq. İstiqlalçı Deputatların Məclisi daimi fəaliyyət göstərən qurum olacaq və ayda bir və ya iki dəfə toplantı keçirəcək.

“Ölkədəki problemlərin Azərbaycanın, xalqın mənafeyi naminə həll edilməsi üçün təkliflər veriləcək, məsələlər qaldırılacaq. Bu Məclis nə müxalifətyönlü, nə iqtidaryönlü olacaq. Məclis müxalifətin də addımlarında səhvlər olsa, mövqeyini bildirəcək, iqtidarın da yanlışlıqlarına münasibətini ortaya qoyacaq. Təsis yığıncağına tanınmış ziyalıları, siyasətçiləri də dəvət edəcəyik. Bu bir tarixi hadisədir ki, istiqlalçı deputatlar bir araya gəlir və Məclis yaradırlar”.

H.Əzimov məlumat verdi ki, 43 istiqlalçı deputatdan 14 nəfəri dünyasını dəyişib. Qalan 29 nəfərdən 4-5-i xaricdə yaşayır və onların bəziləri ilə heç bir əlaqə yoxdur: “Azərbaycanda yaşayan təxminən 25 istiqlalçı deputatdan bəziləri heç bir siyasi, ictimai fəaliyyətlə məşğul deyillər. Qalanları isə fəaldırlar. Onların sırasında ictimai fəaliyyətlə, siyasətlə məşğul olanlar çoxdur. İstiqlalçı deputatlardan 8 nəfəri hazırda partiya sədridir. Bu böyük bir qüvvədir. Biz İstiqlalçı Deputatların Məclisini təsis etməklə vətən qarşısında daha bir borcumuzu yerinə yetiririk. Vaxtilə istiqlalçı deputatlar Azərbaycanın müstəqilliyi uğrunda çox cəfalar çəkiblər, həyatlarını riskə qoyublar. Lakin təəssüf ki, bu gün onlara dövlət səviyyəsində münasibət qeyri-adekvatdır”.

H.Əzimov onu da dedi ki, İstiqlalçı Deputatların Məclisi 18 oktyabr Müstəqillik Günü ilə bağlı prezident İlham Əliyevə müraciət ünvanlayacaq.

E.SEYİDAĞA
Bu xəbər oxucular tərəfindən 1499 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed