Şrift:
“Akademik Musiqili Teatrın Könüllüləri” fəaliyyətə başlayıb
03.03.2020 [10:43] - Mədəniyyət
Hər zaman uğurlu layihələri ilə fərqlənən Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, bu dəfə də maraqlı təşəbbüs ilə – teatra, incəsənətə marağı olan gəncləri “Akademik Musiqili Teatrın Könüllüləri” dəstəsində öz ətrafına toplayıb. Bununla sənət ocağı nəinki teatr aləmində, hətta incəsənətdə könüllülük istiqamətində ölkəmizdə növbəti bir ilkə imza atıb.

Teatrın mətbuat xidmətindən bildirilib ki, bu məqsədlə təşkil edilən və müxtəlif ali məktəb tələbələrindən ibarət könüllülərin qatıldığı görüşdə Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev layihənin məqsədi haqqında ətraflı məlumat verib. Sonra o, yeni yaradılan quruma rəhbərlik edəcək gənc pianoçu – respublikamızda keçirilən bir sıra dövlət əhəmiyyətli beynəlxalq tədbirlərdə könüllülərin işi üzrə koordinator kimi kifayət qədər təcrübə qazanmış teatrın əməkdaşı Alüdə Şəkərovanı tədbir iştirakçılarına təqdim edib.
A.Şəkərova “Akademik Musiqili Teatrın Könüllüləri” ideyasının reallaşmasında yaradılan şəraitə görə gənclər adından teatr rəhbərliyinə təşəkkür edib.

Təhsil Nazirliyinin “Bir tələbə-könüllü” proqramının 2019-cü il üzrə ən fəal koordinatoru kimi mükafata layiq görülən Alüdə Şəkərova ölkəmizdə keçirilən ən müxtəlif beynəlxalq tədbirlərdə xüsusi qruplara rəhbərlik edib, könüllülük hərəkatında uğurlu fəaliyyətinə görə çoxsaylı mükafatlara layiq görülüb.

“2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, Akademik Musiqili Teatr könüllü gənclərlə birgə müxtəlif və uzunmüddətli layihələr həyata keçirməyi düşünür.

“Proqram çərçivəsində tələbələr 3 ay müddətində müxtəlif treninqlərə qatılacaq və teatrın pərdəarxası fəaliyyəti ilə daha yaxından tanış olacaqlar. Aktyorluq qabiliyyəti olan gənclərlə birgə tamaşa hazırlanacaq və teatr mövsümünün yekununda hər bir könüllüyə teatr sahəsində təcrübə keçmələri ilə bağlı sertifikatlar veriləcək. Teatr və könüllülük – hər ikisi yüksək dəyərlərdir və ölkəmizin inkişafı naminə könüllülərin kreativ ideyalarından lazımi istifadə olunmalıdır. Biz Akademik Musiqili Teatr ailəsi olaraq hər zaman belə gənclərə arzularını reallaşdırmaqda dəstək olmağa hazırıq”, – deyə Ə.Lalayev vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 38 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed