Şrift:
56 avtovağzal və avtostansiya kompleksi dezinfeksiya edilib
04.03.2020 [09:51] - Hadisə
Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) Koronavirus (COVİD - 19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirir. Nazirliyin yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən respublika ərazisində fəaliyyət göstərən 56 avtovağzal və avtostansiya kompleksində beynəlxalq və ölkədaxili sərnişindaşımanı həyata keçirən daşıyıcılarla birlikdə avtonəqliyyat vasitələrinin, eləcə də avtovağzal ərazisinin, gözləmə zalının, xidmət otaqlarının, mədəni-məişət və sanitar-gigiyenik təyinatlı sahələrin gündəlik dezinfeksiya edilməsi təmin olunur. Gecə reysləri üzrə avtonəqliyyat vasitələrində dezinfeksiya işləri səhər saat 06:00-dan, digər reyslər üzrə gecə saatlarında aparılır.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tapşırığına uyğun bu gün Bakı Beynəlxalq Avtovağzal Kompleksində zəruri tədbirlər və dezinfeksiya işləri avtonəqliyyat vasitələrinin salonunda, perronlarda, kassalarda gözləmə zallarında, məlumat mərkəzində, sanitar qovşaqlarında nəqliyyat qovşağında və orada yerləşən ictimai-iaşə obyektləri, hostel, otel, yanacaqdoldurma məntəqəsi, texniki müayinə otaqları, tibb otağı və “Şəbəkə”də həyata keçirilib. Koronavirusla bağlı olaraq təxirə düşən reyslər və sərnişinlərdə yarana biləcək digər suallarla bağlı Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (012) 406-01-58/59 nömrəli Məlumat mərkəzi 24 saat ərzində xidmət göstərir.
Son 14 gün ərzində İran İslam Respublikasında olan vətəndaşlar Azərbaycan-Gürcüstan sərhədindən buraxılmayacaq. Bu məlumat həm kassaların üzərində, həm də saytda yerləşdirilib. Həm şəhərlərarası, həm də beynəlxalq istiqamətlər üzrə hərəkət edən avtobuslarda 3 gündən bir aparılan dezinfeksiya işləri yaranan vəziyyətlə bağlı hər gün yerinə yetirilir. Mövcud təhlükəsizlik tədbirlərini nəzərə alaraq sərnişinlərdən müntəzəm marşrut xətləri üzrə xidmətdə olan avtobuslarla səfər etmələri, avtovağzal ərazisindən çıxmayan nəqliyyat vasitələrindən istifadə etməmələri tövsiyyə edilir. Həmçinin “Bakı Taksi” MMC-nin paytaxtda xidmət göstərən avtomobillərində də hər gün dezinfeksiya işləri aparılır. Sürücülər virusdan qorunmaq üçün lazımi vasitələrlə təmin olunur. “Azərpoçt” MMC tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.
“Aztelekom” MMC-nin mərkəzi inzibati binasında işçi otaqların, sanitar qovşaqların, dəhlizin, liftlərin içərisinin, pilləkənlər və pilləkən qəfəslərindəki tutacaqların, MMC-yə giriş hissədə quraşdırılmış turniketlərin və qapı cəftələrinin hər gün 4 (dörd) dəfə olmaqla dezinfeksiyası aparılır.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 49 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed