Şrift:
Xamneyinin Culfa “Bəsic”indəki keçmiş nümayəndəsi edam edilib
04.03.2020 [16:00] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın dini liderinin Culfa “Bəsic”indəki keçmiş nümayəndəsi Bayram Qolixani 40 gün öncə edam edilib.



Culfa Bəsic Təşkilatının keçmiş ideologiya şöbəsinin rəhbəri və Əli Xamneyinin təmsilçisi olan Qolixani beş il əvvəl naməlum səbəbə görə bacanağını qətlə yetirmişdi. Şərqi Azərbaycanın “ruhanilərə özəl məhkəməsi” tərəfindən edama məhkum olunan Qolixani həmin vaxtdan həbsdə saxlanılırdı.



İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, Qolixani, yanvarın 21-i sübh saatlarında Təbriz zindanında molla geyimində dara çəkilib.



Qərbi Azərbaycan əyalətinin Poldəşt şəhərindən olan 45 yaşlı Qolixani illər öncə “Sepah”a üzv olmuşdu və həbs olunana kimi bu təşkilatın Culfadakı Bəsic qanadında Xamneyini təmsil edirdi.



Ölkənin rəsmi mətbuatı Qolixaninin vəzifədə olduğu dövrdə onun fəaliyyətləri və çıxışlarına geniş yer verirdilər. Bu isə, tutduğu vəzifənin əhəmiyyətini göstərir.



Qolixaninin bəzi yaxınları, onun keçmiş həmkarlarının vəziyyətinə göz yummalarının kökündə siyasi ixtilafların olduğunu istisna etmirlər.



Məhkumun ailəsinə yaxın bir mənbəyin dediyinə əsasən, “rəsmilər edamdan sadəcə iki gün öncə ailəyə məlumat veriblər və bu qısa müddətdə qətlə yetirilən şəxsin ailəsindən onun edam olunmaması üçün razılıq almağa fürsət olmayıb”.



Həmin mənbəyin dediyinə görə, daha öncə bir nəfər, öldürülən şəxsin yaxınlarının razılığını cəlb etmək üçün çalışırdı ancaq qəfildən işin ardını tutmaqdan imtina edib.



“Məhkumun vəkili də onun işi ilə maraqlanmırdı”- deyən mənbə əlavə edib ki, həbsxana məqamları edamdan öncə məhkuma ailəsi ilə son görüşünə də icazə verməyiblər.



Xamneyinin keçmiş nümayəndəsinin edamından 40 gün ötsə də İranın rəsmi mənbələri bu haqda heç bir məlumat yaymayınlar.
Bu xəbər oxucular tərəfindən 85 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed